Premyer Liqanın IV turunun açılış matçında "Xəzər Lənkəran"la "İnter" qarşılaşacaq. Fanat.az xəbər verir ki, artıq komandaların start heyətləri açıqlanıb.
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Simurq" matçı ilə müqayisədə heyətdə iki dəyişiklik edib. Rasim Ramaldanovu ehtiyata göndərən, Tural Cəlilovun adını "18-liy"ə salmayan türk mütəxəssis əvəzində Elnur Abdullayevlə Manuel Skarlatakeni heyətə qaytarıb. Elnur ötən tur ikinci yarıda meydana çıxmışdısa, Skarlatake ehtiyatda qalmışdı.
Cahangir Həsənzadənin gəlişinədək komandanın əsas qapıçısı hesab olunan Orxan Sadıqlının cəzası başa çatsa da, "11-liy"ə düşməyib. Qolkiper ehtiyatda qalıb.
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze isə bir dəyişiklik edib. Gürcü mütəxəssis ötən tur start heyətində yer verdiyi Nizami Hacıyevi ehtiyata göndərib. Onu Asif Məmmədov əvəzləyib. Asif ötən tur 57-ci dəqiqədə Nizaminin yerinə meydana çıxmışdı.
Fanat.az