Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Semyon Çterev pəhləvanlarımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsindəki çıxışından razı qalıb. Fanat.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis komandanın əsas məqsədləri haqda danışıb.
O, dünya çempionatına aparılacaq heyəti açıqlamasa da yığmanın eskizlərini ortaya qoyub: “Azərbaycanın aparıcı güləşçiləri üçün “Qızıl Qran Pri” Daşkənddə keçiriləcək dünya çempionatından əvvəl son sınaq oldu. Bu turnirdəki nəticələri nəzərə alaraq, yığma komandanın tərkibini müəyyənləşdirəcəyik. Güləşçilərimizin çıxışından razı qaldım. Turnidə iştirak edən idmançıların heç vaxt olmadığı qədər güclü olduğunu xüsusilə vurğulamaq istəyirəm. Fikir verin, uşarlarımızın neçəsi finala çıxdı! Hələ turnirdə bütün liderlərimiz çıxış edə bilmədi. Hacı Əliyev və Cəbrayıl Həsənovun çıxışını qeyd edərdim. Onlar milli komandaya əsas namizədlərdir, digər çəkilər haqda nəsə deyə bilmərəm. Ümumiyyətlə, yığmaya çağıracağım güləşçilərin adlarını əvvəlcədən açıqlamaq istəməzdim. Çünki bu, həm əsas, həm də əvəzedici heyətin üzvlərinə yaxşı təsir göstərmir. Uşaqların hamısı bilməlidir ki, hər birinin şansı var".
Çterev Olimpiya çempionu Şərif Şərifovun dünya çempionatında iştirak etmə perspektivlərindən də danışıb: "Səhhətindəki problemlərə görə “Qızıl Qran Pri” yarışlarında iştirak edə bilməyən Həmzət Osmanov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov da toplanışa qatılacaq. Amma bir şərtlə ki, yaxın vaxtda zədələrini tam sağaltsınlar. Dünya çempionatına gedəcək güləşçilərin adlarını Bakıda keçiriləcək sonuncu təlim-məşq toplanışının yekununda açıqlayacağam. Buna qədər isə Minskdə hazırlıq keçirməyi planlaşdırırıq”.
Fanat.az