Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"da!

Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"da!
"Xəzər Lənkəran"ın boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə 1,5 illik anlaşma imzalayıb.
Dünən klubun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov ilə görüşüb bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə klubumuzun rəsmən yeni baş məşqçisi olub. Türk mütəxəssis dekabrın 5-də ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Dənizli futbolçu karyerası ərzində "Altay" (1966-1983) və "Qalatasaray" (1983-1984) formasını geyinib. Məşqçi karyerası ərzində İstanbulun 3 böyük klubunu - "Qalatasaray" (1987-1989, 1990-1992), "Fənərbaxça" (2000-2001) və "Beşiktaş"ı (2008-2010) çalışdırmış mütəxəssis həmçinin Türkiyənin "Kocaelispor", "Manisaspor", "Çaykur Rizəspor", Almaniyanın "Axen", İranın PAS və "Persepolis" klublarına başçılıq edib. 64 yaşlı mütəxəssis 1996-2000-cü illərdə Türkiyə millisinin baş məşqçisi olub.
Məşqçi kimi "Qalatasaray"la Türkiyə çempionluğunu (1 dəfə), ölkə kubokunu (1), Prezident Kubokunu (2) qazanan Dənizli Çempionlar Liqasında yarımfinal və Kuboklar Kubokunda 1/4 final oynayıb. "Fənərbaxça" və "Beşiktaş"a ölkə çempionluğu qazandıran mütəxəssis "Qara Qartallar"la kuboku da başı üzərinə qaldırıb. İran çempionatının gümüş medalını qazanan 64 yaşlı məşqçi Asiya Çempionlar Liqasında 1/4 finala çıxıb. O, həmçinin 2000-ci ildə Türkiyə millisini Avropa çempionatının 1/4 finalında oynadıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər