"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov cənubluların uğursuz start götürməsi ilə bağlı fikirlərini bölüşüb. Fanat.az-a verdiyi açıqlamada təcrübəli mütəxəssis Lənkəran təmsilçisinin çempionatdakı şanslarını da dəyərləndirib.
"Oyunun müqəddəratını orta xətt həll edir. Komandanı həmişə 2 hissəyə bölürdüm: 5 hücumçu və 5 müdafiəçi. Həmin 5 futbolçu rəqib qapısına yol tapa bilmirsə, bu, ciddi problemdi".
Mircavadovun fikrincə, cənubluların sıralarında geriləmə hiss olunur: "Komandanın "Neftçi"yə qarşı keçirdiyi oyununa baxdım. Açığı çox təəssüfləndim. Oyun yoxdu, oyunçularda istək də görmədim. Ümumilikdə cənubluların 2 oyununa baxmışam, biri də AZAL-la. Gördüklərim müsbət rəy bildirməyə əsas vermir".
Mütəxəssisin fikrincə, komanda taktiki cəhətdən ciddi nöqsanlara yol verir: "Məsələn, Rauf kimi futbolçunu oynatmaq lazımdı. Onu topla təmin etmək əsasən cinah yarımmüdafiəçilərinin üzərinə düşür. Deyim ki, həmin mövqedə oynayanlar zəifdi, bu, ədalətsizlik olar. Sadio Tounkara, Əfran İsmayılov, Ağabala Ramazanov kifayət qədər istedadlı oyunçulardı. Ancaq xətlərarası anlaşma yoxdu. Hesab edirəm ki, taktiki cəhətdən komanda çox geriləyib".
Millinin sabiq çalışdırıcısı komadanın daha bir problemini qabardıb: "Qol vəziyyətlərindən də istifadə etmək lazımdı. Müasir futbolda yarımmüdafiəçilər oyunun ağırlığını üzərlərinə götürürlər, qollar vururlar. Ancaq bunu da "Xəzər Lənkəran"da görmürük".
"Xəzər Lənkəran"ın müdafiə xətdindəki problemlərdən də danışan Mircavadov bunları xüsusi vurğuladı: "Rəqib oyunçuları itirmək olmaz. Xüsusliə cərimə meydançasında. Cərimə meydançasında isə Flavinyonu itirdilər. Bu, sadə səhfdi, ancaq nəticəsi ağır olur".
Sonda mütəxəssis bədbin proqnoz da verdi: "Xəzər Lənkəran" mövsümə arxain hazırlaşıb. Avrokubok yarışlarında iştirak etməyiblər, tam planlı şəkildə mövsümə hazırlaşıblar. Belədə, sentyabrda futbolçular əla formada olmalıdırlar. Lakin gördüklərimə əsasən söyləyə bilərəm ki, bu oyunla "Xəzər Lənkəran" medalçılar sırasına düşə bilməyəcək".
Fanat.az