17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və məşqçiləri "Xəzər Lənkəran"a hədə-qorxu gəlir. Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat yayıb.
Klub rəsmisi bildirib ki, əsas komandanın üzvləri olan Yusif Həsənovla İbrahim Qədirzadənin yığmanın fevralın 23-25-də keçiriləcək yoxlama oyunlardan azad olunmasını istəyiblər. Bundan sonra məşqçilərin təyziqləri başlayıb:
"Yusif Həsənovla İbrahim Qədirzadə U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda Premyer Liqada çıxış edən milli üzvü yoxdu. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanışların sayı bitib-tükənmək bilmir. Qarşıda klubumuzun iki oyunu var. Bunu nəzərə alıb hər iki futbolçunun ayın 23-25-də keçiriləcək yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri, Təbriz Həsənov başda olmaqla kluba hədə-qorxu gəlirlər ki, o uşaqları bir daha milliyə çağırmayacağıq. Adamlar hələ də anlamır ki, bu iki futbolçunun Premyer Lqada oyunu bunların boş-boş turnir və yoxlama oyunlarından üstündü".
Qeyd edək ki, U-17-nin Bakı toplanışı bu gün başlayıb və martın 4-dək davam edəcək. Yığma fevralın 23-də və 25-də Rusiya, martın 1-də və 3-də isə Ukrayna komandaları ilə yoxlama oyunları keçirəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək bütün oyunlar saat 16.00-da başlayacaq.

Fanat.az