Xorvatiya ilə görüşdən sonra millinin baş məşqçisi Berti Foqtsun istefası yenidən gündəmdədi. Fanat.az xəbər verir ki, alman mütəxəssisin yığmamızın "sükanı arxası"nda olduğu müddətdə komandamız tarixinin ən acı məğlubiyyətini almasa da, belə fiaskolardan sonra onun həmkarları öz xahişləri ilə komandadan ayrılıblar.
Avro-96-nın seçmə qrup mərhələsi çərçivəsində Oserdə baş tutan və 10:0 hesabı ilə Fransanın xeyrinə başa çatan qarşılaşmadan sonra Ağasəlim Mircavadov milli ilə halallaşıb.
Kazbek Tuayev üçün DÇ-98-in seçmə qrup mərhələsindəki Macarıstanla Bakıda keçirilən qarşılaşma sonuncu olub. Doğrudu, millimiz "vur-tut" 0:3 hesablı məğlubiyyətə uğrayıb. Lakin təcrübəli mütəxəssis üçün bu nəticə də kifayət edib.
Vaqif Sadıqov isə Lixtenşteynə Vadutsda məğlub olduqdan sonra çemodanlarını yığışdırıb.
Millimizin ilk əcnəbi baş məşqçisi Karlos Alberto Torres də Tuayevin yolu ilə gedib. O da Bakıda 0:3 hesablı məğlubiyyətdən ardından istefa verib. Bu, Macarıstanla yox, Polşa ilə görüşdən sonra baş verib.
Sonuncu dəfə rüsvayçı nəticədən sonra millidən ayrılan isə Şahin Diniyev olub. O, Bakıda Serbiyadan aldıqları 1:6 hesablı məğlubiyyətdən sonra millinin "sükanını buraxıb".
Ağasəlim Mircavadov – Fransaya Oserdə 0:10 (06.09.1995, Avro-96-nın seçmə mərhələ oyunu)
Kazbek Tuayev – Macarıstana Bakıda 0:3 (10.11.1996, DÇ-98-nin seçmə mərhələ oyunu)
Vaqif Sadıqov – Lixtenşteynə Vadutsda 1:2 (14.10.1997, Avro-2000-nin seçmə mərhələ oyunu)
Əhməd Ələsgərov - Avro-2000 seçmə mərhələsindən sonra. (Son oyunu: Azərbaycan - Slovakiya 0:1)
İqor Ponomaryov - DÇ-2002 seçmə mərhələsindən sonra. (Son oyunu: İsveç - Azərbaycan 3:0)
Kazbek Tuayev - Maltaya Ta Qali 0:1( 17.04.2002, yoldaşlıq görüşü)
Vaqif Sadıqov - Finlandiya Helsinkidə 0:3 (12.11.2002, Avro-2004-ün seçmə mərhələ oyunu)
Əsgər Abdullayev – 2003-cü ilin sonunda (20 dekabr Səudiyyə Ərəbistanı ilə Ər-Riyad ilə yoldaşlıq görüşü)
Karlos Alberto Torres – Polşaya Bakıda 0:3 (04.06.2005, DÇ-2006-nın seçmə mərhələ oyunu)
Vaqif Sadıqov - 2005-ci ilin sonunda (12 noyabr Ueslə 0:2 rəsmi oyundan sonra)
Şahin Diniyev – Serbiyaya Bakıda 1:6 (17.11.2007, Avro-2008-nin seçmə mərhələ oyunu)
Qyoko Hacıyevski – Qazaxıstanla Antalyada 0:0 (03.02.2008, yoldaşlıq görüşü)
Əsgər Abdullayevin danışdığı bir lətifə bu yazının bəzəyi ola bilər.
Bir mütəxəssisi baş məşqçi təyin edirlər. Otağa daxil olanda sələfinin seyfə nəsə qoyduğu görür və soruşur:
- O nə idi elə?
- Sənin üçün 3 ədəd zərf qoymuşam. Bəd günə düşəndə açıb oxuyarsan.
Bir müddət keçdikdən sonra komandası uduzmağa başlayır. Əsəbi şəkildə otağa daxil olan mütəxəssisin yadına həmin zərflər düşür. Seyfi açır və görür ki, məktublar nömrələnib. İlk zərfi tələsik açaraq oxuyur: "Görsən ki, komanda uğursuzluğa düçar olub, günahı yıx futbolçuların üstünə. De ki, bunlar köhnə məşqçinin seçdiyi kadrlardı. Yeni nəfəsə ehtiyacımız var".
Dərhal klub prezidentinin qəbuluna düşən məşqçi zərfdən aldığı "dərs"i başqana nəql edir. Yeni oyunçular transfer olunduqdan sonra məşqçinin işləri düzəlir, komanda qələbələri sıralayır. Lakin dövrənin sonlarına yaxın yenidən "uğursuzluq zolağı"na düşür. Tələsik otağına qaçan məşqçi ikinci zərfi açır: "Görsən ki, transferlər fayda vermədi və yenə komanda "axsayır", prezidentə de ki, təlim-məşq tolanışının yerini dəyişmək lazımdı".
Əli ətəyindən uzun özünü prezidentə yetirən mütəxəssis "ikinci zərf"in məzmununu nəql edir. Prezident bu dəfə də məşqçi ilə razılaşır və istənilən ölkədə təlim-məşq toplanışının keçirilməsi üçün şərait yaradacağına söz verir.
İkinci dövrə başlayır və komanda yenidən qələbələri sıralayır. Lakin mövsümün sonunda yenə də məğlubiyyətlər bir-birini əvəzləməyə başlayır. Mütəxəssis arxayın şəkildə otağına daxil olur və 3-cü zərfi seyfdən çıxararaq oxuyur: "Əgər 3-cü zərfi açdınsa, deməli zamanı yetişib. Sən də 3 zərf yaz qoy və kreslonu təhvil ver".
P.S. Görəsən, Foqtsa bu yazını olmasa da, zərflərlə bağlı məsəli tərcümə edən olacaq?
Fanat.az