Azərbaycan yığmasının Antalyada Qazaxıstanla keçirdiyi yoxlama görüşü ətrafında qalmaqal yaranıb. Qazaxıstanın fanatik.kz saytı oyunun danışılmış olduğunu iddia edir.
Belə ki, həmkarlarımız komandaların rəhbərliyinin matçın nəticəsini əvvəlcədən razılaşdırdığını və qarşılaşmanın 1:1 hesabı ilə başa çatmalı olduğunu yazıblar: “Azərbaycanla oyundan sonra qalmaqal yaranıb. Şayiəyə əsasən, AFFA-nın nümayəndələri Qazaxıstandan olan həmkarlarına danışığın bir hissəsinə əməl etmədiklərinə görə narazılığını bildirib. Belə ki, Qazaxıstan yığması hesabda 1:0 öndə olarkən, matçın sonlarında cavab qolunu buraxmalı və görüş 1:1 hesabı ilə başa çatmalı idi. Hesabın belə başa çatması üçün Qazaxıstan yığmasının otel xərcləri və məşq meydançasını qarşı tərəf təmin edib. Azərbaycan yığması yenilənmiş və gənc heyətlə oynadığından, heç-heçə onlar üçün qənaətbəxş nəticə sayılacaqdı”.
Qazaxıstan yığmasının Talqardakı bazasının rəhbəri Nizam Hüseynovun oyundan 2 gün sonra vəzifəsindən kənarlaşdırılmasının əsas səbəbi də anlaşmaya əməl olunmamağı göstərilir. Federasiyanın baş katibi Azamat Aytxojin Hüseynovun qovulması haqda qərarı açıqlasa da, sonuncu öz istəyi ilə postundan ayrılması ilə bağlı ərizə yazmaqdan imtina edir.
Deyilənə görə, artıq sabiq baza direktoru sayılan Hüseynov Qazaxıstan və Azərbaycan yığmalarının əvvəlki oyunlarının da danışılmasında iştirak edib. O, Miroslav Beranekin baş məşqçi olduğu dönəmdə hər iki komandasının ev qələbəsi qazandığı vaxt bu işdə vasitəçi olub. (Apasport.az)
Fanat.az