Milli komandamızın üzvü Tuğrul Eratın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, futbolçumuz karyerasını Almaniyanın III Bundesliqasında davam etdirəcək.
"Fortuna"nın U-23 komandasından ayrılan Tuğrul "Duysburq"la müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, tibbi müayinədən keçən Erat 2 illik anlaşma imzalayıb.
Tuğrulun transferi ilə bağlı danışan klubun idman direktoru İvo Qrliç bunları deyib: "Tuğrul bundan əvvəl II Bundesliqada çıxış edib. Bu sübut edir ki, onun kifayət qədər böyük potensialı var".
Baş məşqçi İlya Qruyev də futbolçumuzla bağlı müsbət fikirdədi: "Mən onun son 2-3 ildəki çıxışını izləmişəm. Bu gənc futbolçunun profili bizim üçün uyğundu. O, ötən mövsüm müntəzəm şəkildə oynayaraq təcrübə qazanıb".
Tuğrul Erat isə bunları deyib: "Mənim üçün başqa variantlar da var idi. Amma "Duysburq"a keçməyə üstünlük verdim. Bu komanda mənim üçün yeni fürsətdi. Rəhbərliyə və azarkeşlərə söz verirəm ki, komandanın uğuru üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, "Duysburq" 2015/16 mövsümündə II Bundesliqada çıxış edib və 16-cı yeri tutaraq aşağı liqaya düşüb. Komanda sonuncu dəfə 2007/08 mövsümündə əsas Bundesliqada çıxış edib.
Fanat.az