Milli komandalarımıza dəvət alan çox saylı əcnəbidən biri də Timur Temeltaşdı. Berhard Lippertin Almaniyadan tapıb 21 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət etdiyi türk futbolçu 21 yaşını tamamladıqdan sonra bu komandadakı çıxışını başa vurdu. Lakin o, oyunu ilə A millinin çalışdırıcısı Berti Foqtsun diqqətini çəkə bilmədi və digər legionerlərdən fərqli olaraq yığmadan kənarda qaldı.
Timur karyerasını Türkiyənin "Altınordu" klubunda davam etdirir. Onun komandası Super Toto 2-ci liqanın "Qırmızı" qrupunda mübarizə aparır. Komanda 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir (18 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət, top fərqi - 57:17). Ən yaxın izləyicisi "Alanyaspor"u 1 xal qabaqlayan "Altınordu" PTT 1-ci liqasına çıxmağa ən real namizəd hesab olunur.
Timurun özünə gəlincə, o, komandanın əsas futbolçularından biridi. 22 yaşlı yarımmüdafiəçi komandasının 2-ci liqada keçirdiyi 27 oyundan 25-də meydana çıxıb. Bütün hallarda start heyətində yer alan Temeltaş 7 dəfə əvəzlənib, 18 halda sonadək mübarizəni davam etdirib. 25 oyunda 2070 dəqiqə oynayan yarımmüdafiəçi 3 qol vurub, 6 sarı, 1 qırmızı vərəqə alıb. Timur son qolunu martın 22-də "Diyarbəkir BB"nin qapısından keçirib. "Altınordu"nun 4:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda millimizin üzvü üçüncü qola imza atıb. Bundan əvvəl isə o, "Bayrampaşaspor"la matçda dubl etmişdi.
Timur 2-ci liqa ilə yanaşı, Türkiyə kubokunda da oynayıb. İlk mərhələdə "Göztəpə" ilə keçirilən matçın 53-cü dəqiqəsində meydana çıxan futbolçumuz penalti seriyasında komandasının mərhələ adlamasına yardımçı olmuşdu. Növbəti mərhələdə isə "Qaziantep BB" "Altınordu"nu 11 qolun vurulduğu matçda mübarizədən kənarlaşdırıb - 6:5. Bu qarşılaşmada Timur 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Timur Almaniyada "Kayzerslautern" və "Bayer"in U-23 komandalarında çıxış eidb.
Fanat.az