Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qaynarinfo xəbər verir ki, milli komandamız seçmə mərhələnin G qrupunun V tur matçında Bakıda Lüksemburq üzərində 3:1 hesablı qələbə qazanaraq bu uğura imza atıb.
Dərnəgüldəki Voleybol Mərkəzində baş tutuan görüşdə Fərid Cəlalovun baş məşqçi olduğu komandamız 3:1 (25:18, 27:25, 21:25, 25:20) qələbə qazanıb. Bununla da Azərbaycan millisi xallarını 8-ə, qrupun digər görüşündə Yunanıstan İsveçə qalib gələrək, xallarını 14-ə yüksəldib. Skandinaviya təmsilçisi 5 xalla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Lüksemburq isə sonuncu olub.
Yanvarın 9-da keçiriləcək son turun oyunlarında Lüksemburqla Yunanıstanı, İsveç Azərbaycanı qəbul edəcək. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşdirəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Azərbaycanın 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdi ki, son tur formal xarakter daşıyacaq. Beləliklə, millimiz tarixində ilk dəfə Avropa çempionatına qatılacaq.
Qeyd edək ki, final mərhələsi 13 - 29 sentyabrda ilk dəfə 4 ölkədə - Fransa, Sloveniya, Belçika və Hollandiyada təşkil olunacaq. İştirakçı sayı isə 16-dan 24-ə qaldırılıb.