"DÇ-2018"in seçmə mərhələsində keçiriləcək Almaniya - Azərbaycan oyununa təyinatlar açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı latviyalı Andris Traymanisə tapşırıb.
32 yaşlı referi Azərbaycan futbolu üçün kifayət qədər tanışdı. Belə ki, o, yığmalarımızın və klublarımızın iştirakı ilə keçirilən oyunlarda iş başında olub.
O, ilk dəfə "Xəzər Lənkəran"ın oyununa təyinat alıb. Belə ki, 2010/11 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin "Olimpiya" (Moldova) - "Xəzər Lənkəran" görüşündə dördüncü hakim Andris Traymanis olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Lənkəranda keçirilən cavab görüşü 1:1 hesabı ilə yekunlaşıb və moldovalılar mərhələ keçib.
O, 2011/12 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində AZAL-ın (indiki "Şüvəlan") evdə "Minsk"ə (Belarus) keçirdiyi oyunun baş hakimi olub. Bu oyun 1:1 hesabı ilə başa çatıb, cavab matçında belaruslular qələbə qazanıb - 2:1. Andris Traymanis həmin vaxt AZAL-dan Usim Ndukaya sarı vərəqə göstərmişdi.
Andris Traymanis 2011-ci ildə Xorvatiyada keçirilən U-17 yığmaları arasında Avropa çempionatının seçmə mərhələsində millimizin iki oyununu idarə edib. O, əvvəlcə Xorvatiya - Azərbaycan oyununda baş hakim olub. Millimizin 2:1 hesablı qələbə qazandığı matçda referi komandamızdan Kamran Abdullazadə və Ruslan Nəsirlini sarı vərəqə ilə cəzalandırıb.
Latviyalı ədalət təmsilçisi həmin turnirdə Azərbaycan - Ukrayna oyununu da idarə edib. Bu matçda hesab açılmayıb - 0:0. Referi bu görüşdə yığmamızdan Şirməmməd Məmmədova sarı vərəqə göstərib.
Andris Traymanis son olaraq U-21 yığmamızın İsraillə oyununda fit çalıb. 2014-cü ilin 3 sertyabrında "Dalğa Arena"da keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda komandamız 3:0 hesablı qələbəyə sevinib. Referi millimizdən Şahruddin Məhəmmədəliyev və Şəhriyar Əliyevə sarı vərəqə verib.
Belə ki, Andris Traymanis futbolumuz üçün uğurlu hakim hesab oluna bilər. Təmsilçilərimiz onun iştirakı ilə keçirilən 5 oyundan 2-də qələbə qazanıb, 3-də heç-heçə edib.
Fanat.Az