"Barselona" və Argentina millisinin ulduzu Lionel Messi uzun illərdi sevgili olduğu Antonella Rokkuzzo ilə evləndi. Bəs kimdir Messinin həyat yoldaşı?
Messi doğulduğu Rosarionu hələ uşaq vaxtı tərk edərək Barselonaya üz tutsa da, ana vətəni ilə bağlarını heç vaxt qopartmayıb. Və bu bağların ən önəmlisi Antonella Rokkuzzo ilə uzun illər davam edən münasibətidir. Argentinada uşaq vaxtı tanış olan cütlük bərabər böyüyüb, sonra isə sevgili olub və uşaqları dünyaya gəlib.
Messi hələ 2009-cu ildə sevgilisi olduğunu açıqlamışdı. Həmin sevgili dünən rəsmən onun həyat yoldaşı oldu.
Antonella Rokkuzzo kimdir?

O, Messi kimi Rosarioda doğulub və futbolçunun uşaqlıq dostu Lukas Skaqlianın yaxın qohumudur. Argentinalı ulduzun uşaq vaxtı çox utancaq olduğu deyilir. Amma baş verənləri nəzərə alsaq, onun uşaq vaxtından Antonellaya vurulduğunu deyə bilərik. Hətta məhz onu görmək üçün tez-tez dostu Lukasgilə gedirmiş.
Argentinada universitetə qəbul olunan Rokkuzzo əvvəlcə stomatoloq ixtisasına yiyələnib. Daha sonra isə sosial münasibətlər sahəsinə keçib. Ardınca isə Messinin yanına - Barselonaya köçüb.

Onun bundan sonra iş həyatı ilə bağlı bilinən yeganə fakt Luis Suaresin həyat yoldaşı Sofia Balbi ilə birlikdə ayaqqabı mağazası açmaqlarıdı. Antonellanın son illərdə sadəcə oğlanları - Tyaqo və Mateo ilə məşğul olduğu deyilir.
Bəzi məlumatlara görə, Messi və Antonella 2007-ci ildə sevgili olub. Maşın qəzasında yaxın dostunu itirən Leoya təsəlli verməyə gəlmiş Rokkuzzo ilə münasibətləri başlayıb. Ancaq bu münasibət uzun müddət gizli saxlanılıb.

Antonellanın "Instagram"da 4 milyondan artıq təqibçisi olsa da, göz önündə olmağı sevmir. 29 yaşlı xanımın Luis Suaresin həyat yoldaşı Sofia Balbi və Kesk Fabreqasın xanımı Daniella Semaanla yaxın rəfiqə olduğu deyilir.
Messinin neçə uşağı var?
Leo və Antonellan?n iki oğlu var. 2 noyabr 2012-ci ildə Tyaqo, 11 sentyabr 2015-ci ildə isə Mateo dünyaya gəlib. Messi iki oğlu üçün də bədəninə döymə etdirib və hər iki oğlunun adını butslarına yazdırıb. Ulduz futbolçu tez-tez ailəsinin fotosunu sosial mediada paylaşır.


Fanat.Az