"Şeffild Uenseyd"in prezidenti Milan Mandariç kluba alternativ investorlar axtaracağını bildirib. Fanat.az xəbər verir ki, o, hüquq məsləhətçilərindən lazımı məhkəmə qərarlarına nail olmağı xahiş edib.
Mandariç azərbaycanlı iş adamı Hafiz Məmmədovla sponsor müqaviləsinin bağlandığını bildirməklə yanaşı, komandasının yenidən Premyer Liqada iştirak etmək ambisiyalarının olduğunu dilə gətirib: "Təəssüf ki, anlaşma baş tutduqdan sonra o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Söhbət səhmlərin alınması və ya sponsorluq etməsindən gedir".
Mandariç müqavilə imzalandığı vaxt tərəfdarlarının çox sevindiyini bildirib: "Fanatlarımız mənim kimi Məmmədova inandılar ki, klubumuz irəliyə ciddi addım atacaq. Etiraf edim ki, ona əlavə vaxt verməkdə bəlkə də yanıldım. Bu müddət kəsiyində komandamızın cari xərclərini ödəməklə məşğul olmuşam. Ancaq inanıram ki, Məmmədov tezliklə Azərbaycandakı problemlərini yoluna qoyacaq. Artıq hüquq məsləhətçilərimizə bildirmişəm ki, məhkəmə yolu ilə məsələni həll etsinlər".
Sonda "Şeffild Uenseyd"in prezidenti gələcək barədə də danışıb: "Biz yeni əməkdaşlıq üçün sponsorlar axtaracağıq. Klubmuzun tezliklə Premyer Liqaya qayıtması üçün yeni tərəfdaşlar tapmaqda maraqlıyıq".
Fanat.az