UEFA Super Kubokunu idarə edəcək hakimlər briqadası açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA Norveçin Trondhaym şəhərindəki "Lerkendal" stadionunda baş tutacaq matçı serb hakimlərə tapşırıb.
Avqsutun 9-da Çempionlar Liqasının qalibi "Real"la Avropa Liqasını qazanmış "Sevilya" arasında baş tutacaq matçda ədaləti Milorad Majiç idarə edəcək. Onun köməkçiləri və əlavə köməkçi hakimlər həmvətənləri olacaq. Oyunun 4-cü hakimi və əlavə hakimi isə Polşadandı.
Milorad Majiç 2013-cü ildə Azərbaycan millisinin oyununu idarə edib. Belə ki, yığmamızın "DÇ-2014"ın seçmə mərhələsi çərçivəsində Rusiya ilə Bakıda keçirdiyi oyunda ədaləti qoruyub. Referi həmin matçda Maksim Medvedevə qırmızı vərəqə göstərib.
Milorad Majiç həmçinin 2010-cu ildə Çempionlar Liqasında Bakı "İnter"inin Polşanın "Lex" klubu ilə səfər oyununu idarə edib. Həmin vaxt ilk oyunda 0:1 hesabı ilə uduzan "İnter" səfər matçında eyni hesabla qələbə qazansa da, penalti seriyasında uduzub. Serb hakim bu oyunda Bakı klubundan Georgi Lomaya, Vladimir Levin, Bronislav Çervenka, Aleksandr Çertoqanov və Petar Zlatinova sarı vərəqə göstərib.
Super Kubok
9 avqust
22.45 Real (İspaniya) - Sevilya (İspaniya)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Şimon Marçinyak (Polşa).
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (Serbiya).
Ehtiyat hakim: Tomaş Listkeviç (Polşa).
Trondhaym. “Lerkendal” stadionu.
Fanat.az