Mahir Emreli mətbuat konfransında nə dedi?

Mahir Emreli mətbuat konfransında nə dedi?
"Legiya”da çıxış edən Mahir Emreli bu gün baş məşqçisi Çeslav Mixneviçlə birgə mətbuat konfransında iştirak edərək, media nümayəndələrinin suallarını cavablandırıb. 
Fanat.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Norveçin "Budyo Qlimt" klubu ilə oyunöncəsi mətbuat konfransına qatılan Mahir düşərgədəki atmosferdən danışıb: "Legiya”da atmosfer heyrətamizdir. İlk gündən burda özümə qarşı əla münasibət hiss etdim. Komanda yoldaşlarımla həm meydanda, həm də kənarda bir-birimizi çox yaxşı başa düşürük. Məşqçimizin rus dilində danışması da ünsiyyət baxımından işimi asanlaşdırır. Ümumiyyətlə, komandada ingilis və rus dilində ünsiyyət qura bilirik. Bu kimi detallar komandaya daha tez uyğunlaşmağıma kömək edir”.
  
24 yaşlı hücumçu jurnalistin "Qarabağ” və "Legiya”nın müqayisəsi ilə bağlı sualına belə cavab verib: "Polşa və Azərbaycandakı hazırlıq tərzini müqayisə etmək istəmirəm. Hər məşqçinin öz metodu var ki, bu da sahib olduğu oyunçulardan asılıdır. Ona görə də "Qarabağ" və "Legiya" komandalarını müqayisə edə bilmərəm".
Emrelinin "Legiya" azarkeşlərinin qarşısında oynamağı səbirsizliklə gözlədiyini də vurğulayıb: "Komanda yoldaşlarım kimi, mən də azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirəm. Məşqlərdə onların səsini, dəstəyini eşidirik. Çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir. Təlim-məşq toplanışı və məşq zamanı bu barədə çox danışırıq".
Mahir məşqçinin start heyətində ona, yoxsa "Legiya"nın əsas hücumçusu Tomaş Pekxarta güvənəcəyi ilə bağlı suala Zinəddin Zidanın sitatı ilə cavab verib: "Tomaş Pekxartı tanımaqdan məmnunam. Onun yaxşı karyerası, təcrübəsi var. Birlikdə oynaya biləcəyimizə məşqçi qərar verəcək. Bir, yoxsa iki hücumçu ilə oynamağın mənim üçün heç bir fərqi yoxdur, bu, məşqçinin seçimidir. Bir komanda olmalıyıq. Start heyətdə kimin, ehtiyat oyunçular skamyasında kimin olmağının fərqi yoxdur, bir-birimizə dəstək olmalıyıq. Zinəddin Zidanın belə bir sözü var: "Ehtiyatda oturmağı bacarmayan yaxşı futbolçu ola bilməz".
Emreli sonda polşalı jurnalistlərlə zarafat da edib: "İngilis dilinə görə üzr istəyirəm. Amma siz də çox sual verirsiniz. Artıq sözüm qalmayıb. Nə deyəcəyimi bilmirəm (gülür)".
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər