Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" yenidən baş məşqçi axtarışına başlayıb.
Fanat.Az Polşanın "Sport.tvp.pl" saytına istinadən xəbər verir, Çeslav Mixneviçi istefaya göndərdikdən sonra komandanı əvəzedici heyətin baş məşqçisi Marek Qolebiyevskiyə tapşıran klub rəhbərliyi onun da "Legiya"nı böhrandan xilas edəcəyinə inanmır.
Varşavalılar hələ Qolebiyevskinin təyinatından əvvəl litvalı Valdas Dambrauskasla danışıq aparıblar. Oktyabrda "Ludoqorets"dən ayrılan 44 yaşlı mütəxəssis artıq Xorvatiya "Hayduk Split"i ilə anlaşıb. Polşa "Rakuv"unun baş məşqçisi Marek Papşun isə mövsümün sonuna kimi hazırki klubuna bağlıdır. "Legiya" isə onunla anlaşmağa can atır.

Polşa mətbuatı isə Papşunun Varşava klubu üçün uyğun baş məşqçi olacağına inanmır. "Papşun "Legiya" rəhbərliyinin arzusu olaraq qalır. 47 yaşlı çalışdırıcının Varşava klubuna razılıq verib-verməyəcəyi bəlli deyil. Papşun novator və komanda qurmaq baxımından seçilən məşqçidir. O, "Rakuv"da böyük sərbəstliyə sahibdir və praktiki olaraq, hər şeyə özü qərar verir. Varşavada isə heç bir məşqçinin belə rahatlığı olmayıb. Məsələn, Mixneviç yalnız son anda kimin "Legiya" oyunçusu olacağını bilirdi. Papşunun təyinatı klubda bir çox şöbələrin işinin yenidən təşkili zərurəti yaranacaq. Əks halda, bu məşqçiyə sərmayə qoymağın mənası olmayacaq" - "Sport.tvp.pl" saytında baş məşqçi mövzusunda yazıda belə bir iddia səsləndirilib. Beləliklə, "Legiya" milli komandalara görə yaranan fasilə dövründə baş məşqçi məsələsinə nöqtə qoymaq istəyir. Əks halda, klub bütün iddialarından geri çəkilərək Qolubiyevskiyə mövsümün sonuna kimi şans veriləcək.
Mirağa