Xorvatiya Futbol Federasiyası (Hrvatski Nogometni Savez - HNS) "Endorphin Magine" ilə müqaviləni ləğv etdikdən sonra çempionatın yayım hüquqları ilə bağlı yeni tərəfdaşla anlaşıb.
Fanat.Az xəbər verir ki, televiziya və media hüquqlarını almaqda maraqlı olan şirkətlərlə görüşlər keçirən federasiya rəhbərliyi "Hrvatski Telekom"un hər mövsüm üçün 11 milyon avroluq təklifini qəbul edib.
HNS rəhbərliyi yeni mövsümdən qüvvəyə minəcək 4 illik müqaviləyə əsasən, 44 milyon avro alacaq. Hazırda pulun necə paylanacağı müzakirə olunur: bütün klubların eyni məbləğdə qazanc əldə etməsi və çempionatdakı uğura görə qiymətləndirilməsi variantı var.
Həmçinin, pulun kiçik bir hissəsi futzal liqası və qadın futbolu kimi digər yarışlara ayrılacaq. Qeyri-rəsmi hesablamalara görə, Premyer Liqa klublarının hər mövsüm üçün 8-9 milyon avro qazanacaq.
Teleyayıma gəlincə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də top qovduğu Xorvatiya çempionatı uzun müddətdən sonra HRT-yə qayıdır. Federasiyanın elanında hər turda bir oyunun milli televiziyada yayımlana biləcəyi bildirilib.
"Keçən həftə elan etdiyimiz kimi, biz Xorvatiya klubları və bütövlükdə Xorvatiya futbolu üçün ən yaxşı həll yolunu tapdıq. Maraqlanan şirkətlərlə aparılan danışıqlar Xorvatiya klub futboluna böyük marağı göstərdi.
Uzun illər Xorvatiya futbolunun böyük tərəfdaşı olan “Hrvatski Telekom” şirkəti ilə əməkdaşlığımızı davam etdirməkdən şadıq, bu əməkdaşlığın çox uğurlu olacağına şübhəmiz yoxdur. Bu, federasiya və klublarımız üçün müstəsna irəliləyişdir. Əminəm ki, 44 milyon avro əsas liqada və bütün digər yarışlarda gələcək irəliləyişi təmin edəcək”, - HNS-in prezidenti Marijan Kustiç açıqlamasında bildirib.
Mirağa