Xorvatiyanın köklü klubu olan "Dinamo Zaqreb" ev oyunlarını keçirmək üçün yeni arena axtarışındadır.
Fanat.Az xəbər verir ki, "Maksimir"i təmirə bağlamaq və ya başqa stadion tikmək barədə götür-qoy edən paytaxt klubu müvəqqəti çıxış yolu tapıb.
Zaqreb ərazisində nəhəng stadion tikmək üçün variantlar axtaran "Dinamo" hələlik Kranjçeviçevadakı arenanı təmir edib müvəqqəti ora köçmək istəyir. Artıq şəhər meri ilə memar Vladimir Kasun birlikdə Kranjçeviçevanın yeni layihəsinin təqdimatını keçiriblər.
Hazırda stadionun tutumu 4 min yerlikdir və UEFA-nın beynəlxalq matçlar üçün kriteriyalarına görə, ən azı 8 min nəfər olmalıdır. Yeni versiyada iki yeni tribuna hesabına tutumun 12 minə çatdırılması nəzərdə tutulub.
Tikinti Zaqreb meriyası, Xorvatiya Futbol Federasiyası və UEFA tərəfindən birgə maliyyələşdiriləcək.
Mirağa