"Legiya"nın baş məşqçisi Çeslav Mihneviç "Slaviya" ilə Avroliqa oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis millimizin üzvü, Praqa təmsilçisi ilə görüşdə qol vuran Mahir Emrelidən də danışıb:
"Azarkeşlərə bol emosiya bəxş etdik. Onlar baxımlı dörd qol izlədilər. Məşqdə etdiyimiz kimi qollar vurduq. Heç-heçə ədalətli nəticə oldu. Əlverişli şəraitin olmamasına baxmayaraq, oyunçuların münasibətindən məmnunam. İsinmə hərəkətləri zamanı Tomaş Pekhart zədələndi, Mahir Emreli onun yerinə girdi. Gedişata əsasən, uğurlu dəyişiklik olduğu ortaya çıxdı. Josip Juranoviçin qolundan daha çox zövq aldım. Çox güman, o, klubdan ayrılacaq. Belə olsa, deməli, bu onun üçün gözəl bir vida idi. Juranoviç bizimlə meydanda və paltardəyişmə otağında fantastik bir şəkildə vidalaşdı".
"Legiya"nın baş məşqçisi heyətdəki itkilərin çoxluğunu, həmçinin, cavab görüşünə daha yaxşı hazırlaşmaq istədiklərini əsas gətirib bazar gününə təyin olunan Ekstraklassa oyununun təxirə salınması ehtimalına da toxunub: "Tomaşın "ayaq biləyi" burxulub. Dəqiqdi ki, bazar günü çempionat matçında oynamayacaq. "Slaviya" ilə cümə axşamı baş tutacaq cavab oyununa qədər necə olacağını bilmirəm. Bartoş Sliş də Praqada son məşqdə sıradan çıxdı. Bəlkə də bu gün "Termalika" ilə matçın mümkün təxirə salınmasından danışacağıq. İndiki vəziyyətimiz demək olar ki, "Dinamo" ilə Zaqrebdəki oyundan sonra olduğu kimidir. Onda oyunumuzu təxirə salmışdılar".
Mirağa