Estoniya milli komandasının üzvü Oliver Konsa kokain alveri ilə məşğul olduğunu etiraf edib. Fanat.az xəbər verir ki, "Nomme Kalyu"nun üzvü məhkəmədə günahını boynuna alıb.
O, narkotik ticarəti ilə məşğul olan qrupun tərkibində 2012-ci ilin noyabrında Tallin və Xaryuma şəhərlərində böyük həcmli narkotik maddələrin qanunsuz dövriyyəsində - alınması, saxlanılması, daşınması və satışında dəfələrlə iştirak edib. Futbolçu 12 noyabr 2012-ci ildə həbs olunub.
Qeyd edək ki, "Xəzər Lənkəran" 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Nomme Kalyu" ilə qarşılaşmışdı. Evdə 2:2 hesablı heç-heçəyə razılaşan təmsilçimiz səfər qələbəsi sayəsində mərhələ keçmişdi - 2:0. Lənkərandakı oyunda 85 dəqiqə oynayan Konsa Estoniyadakı matçda 90 dəqiqə meydanda olmuşdu.