8 mayda Niderlandda çempionatların erkən başa vurulması ilə bağlı məhkəmə prosesi keçiriləcək.
Fanat.Az NU-ya istinadən xəbər verir ki, Niderland Futbol İttifaqına qarşı iddialar birinci divizionda (ikinci liqa hesab olunur - Fanat.Az) müvafiq olaraq birinci və ikinci yerləri tutan - "Kambyur" və "De Qrafshap" tərəfindən irəli sürülüb. Çempionatın vaxtından əvvəl sona çatması ilə əlaqədar olaraq, sözügedən klubların Erediviziyaya vəsiqə qazanmasına icazə verilməmişdi.
Ehtimallardan biri əsas diviziondakı komandaların sayını artırmaqdı. Ancaq Niderland Futbol İttifaqı daha əvvəl bu fikrə qarşı çıxmışdı.
Hazırda "Kambyur" azarkeşləri kluba dəstək məqsədilə kampaniya keçirirlər. Mayın 1-i və 2-də hər kəs stadiona yollanaraq klubun stikerlərindən almaqla yanaşı, istədiyi miqdarda ianə edə bilər.
Qeyd edək ki, Niderland birinci divizonunda 29 turdan sonra turnir cədvəlinə aktivində 66 xalı olan "Kambyur" başçılıq edirdi. İkinci "De Qrafshap"ın 62 xalı var idi.
Fanat.Az