İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro ölkəsinin Avropa çempionluğunu şərh edib.
Fanat.Az xəbər verir ki, "Tuttosport" nəşrinə danışan Çinin "Quancjou Everqrand" klubunun baş məşqçisi maraqlı məqama toxunub:
"Mən çox xoşbəxt idim. İtaliya millisində məndən sonra ilk kubok qaldıranın Corco Kellini (Giorgio Chiellini) olmasına sevindim. Çünki o, 2006-cı ildəki finalı tribunadan izləmişdi. Kellini ilə birlikdə oynamışam. Ona həqiqətən böyük hörmətim var."
2006-cı ildə "Qızıl Top"u sahibi olan veteran futbolçu mükafata bu ilki namizədini də açıqlayıb: "Corco AVRO-2020-də əla oynayıb, lakin bu komandada əsl çempion Canluici Donnarummadır (Gianluigi Donnarumma). Çempionatdan əvvəl onu sıradan bir qapıçı hesab edənlər vardı. Cəmi 22 yaşı olmasına baxmayaraq inanılmaz qapıçıdır. Yaxın 10-15 ildə dünyanın ən yaxşı qapıçısı olacaq. "Qızıl Topu" isə mən Lionel Messiyə (Lionel Messi) verərdim. O, bir nömrədir".
Qeyd edək ki, Kannavaro 2006-cı ildə kapitanı olduğu İtaliya millisi ilə Dünya kubokunu qazanıb.
Emin Şəmsiyev