DÇ-2014-də mundialın ev sahibi Braziliya, Meksika və Xorvatiya ilə eyni qrupda yer alan Kamerun yeni layihəyə start verib. Fanat.az xəbər verir ki, Kamerun Futbol Federasiyası nümayəndələrini Avropaya ezam edib.
Məqsəd "köhnə qitə" ölkələrində top qovan kamerunlu gəncləri tapıb yığma komandada oynamağa və DÇ-2014-ə getməyə razı salmaqdı. Kamerunlu skautlar xüsusən Fransanın aşağı yaş qruplarında top qovan həmyerliləri ilə maraqlanacaq.
Artıq Kamerunun maraqlındığı 4 futbolçunun kimliyi müəyyənləşib. 20 yaşlı oyunçular - Aksel Nqando, Samuel Umtiti, Jean-Kristof Bahebek və 21 yaşlı Paul-Georges Ntep de Madiba skautların əsas hədəfidi. İkisi Fransada, ikisi Kamerunda doğulan futbolçuların hamısı Avropa ölkəsinin U-21 yığmasında top qovur. Amma FIFA-nın qaydalarına əsasən 21 yaşadək futbolçulardan ibarət komandalarda çıxış edən futbolçular A milli komanda üçün fərqli seçim edə bilər.
Bu 4 oyunçu arasında ən diqqət çəkəni "Oser" forması geyinən Paul-Georges Ntep de Madibadı. Fransa U-21-də 7 oyun keçirən və 6 qol vuran futbolçu 2010-cu ildən mütəmadi olaraq meydana çıxır. "Arsenal", "Roma", "Tottenhem", "Mançester Yunayted" və "Mançester Siti" kimi klubların maraq dairəsində olan futbolçu 8 yaşında xalası ilə birlikə yaşamaqn üçün Parisə gəlib.
Onun komanda yoldaşı Aksel Nqandonu "Oser" "Renn"dən icarəyə götürüb və yarımmüdafiəçidi. Jean-Kristof Bahebek müqavilə PSJ-yə məxsusdu və ötən mövsüm "Troya"ya, bu mövsüm isə "Valensiyenn"ə icarəyə verilib. Samuel Umtiti isə ötən mövsüm Lion "Olimpik"inin heyətində 25 oyuna çıxaraq özündən söz etdirib.
Fanat.az