"Barselona" futbol klubunun müdafiəçisi Jordi Alba "Real Sosyedad"qalib gəldiyi oyundan (4:2) sonrakı mətbuat konfransında, Messinin klubdan getməsində onu günahlandıran azarkeşlərə müraciət ünvanlayıb. Xatırladaq ki, Albanın maaşının bir hissəsinin ixtisara gedəcəyi təqdirdə Messinin klubda qalması mümkün ola bilərdi.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri futbolçunun dediklərini belə çatdırıb:
"Avro-2020 zamanı klub mənimlə əlaqə saxlamayıb. Bundan öncə həmişə klubun istənilən müraciətini razılıqla qarşılamışam. Bura mənim doğma klubumdur. Təəssüf ki, bu barədə klub prezidenti hələ heç nə deməyib. O danışacaq və hər şeyin düzünü deyəcək. Mən də Pike və digər futbolçular kimi maaşımın kəsilməsinə razılıq verəcəm ki, klub digər futbolçuları qeydiyyatdan keçirə bilsin.
Azarkeşlər düşünür ki, mən bunu bil-bilə məsələyə müdaxilə etməmişəm.
Vaxtında mənə deyilsəydi mən məmnuniyyətlə maaşımın kəsilməsinə razılıq verərdim. Messinin klubdan getməsində mənim heç bir günahım yoxdur"
Qeyd edək ki, "Barselona" nın maliyyə problemləri və La Liqanın sərt nizamnamə qaydaları səbəbində Lionel Messinin "katalonlar"la müqavilə bağlaması mümkün olmamışdı.
Emin Şəmsiyev