Argentina ilin toyuna hazırlaşır. Fanat.Az xəbər verir ki, "Barselona"nın ulduzu Lionel Messi ilə Antonella Rokkuzzo iyunun 30-da münasibətlərini rəsmiləşdirəcəklər.
Cütlüyün nigah və toy mərasimləri Messinin doğulduğu Argentinanın Rosario şəhərində baş tutacaq. Artıq onlar okeanın o tayına yollanaraq toy hazırlıqlarına başlayıblar.
Messi 12 ildi Barselonada yaşasa da, toyunu vətənində - doğulduğu şəhərdə etmək qərarına gəlib. May ayında toya dəvət edəcəyi 600 nəfərlik siyahı hazırlayan futbolçu və nişanlısı siyahını 250-yə endirib.

Toyda iştirak edəcək hər kəs, o cümlədən fotoqraflar belə, Rosariodan seçilib. Şəhər Katedralində keçiriləcək nigah mərasimindən sonra Rosaironun mərkəzindəki "Casino Hotel"də parti təşkil olunacaq. Dəvətlilər arasında Argentina millisinin bəzi üzvləri və ölkənin tanınmış simaları ilə yanaşı, "Barselona"dan Neymar, Luis Suares, Cerard Pike, Serxio Buskets, Andres İnyesta, Mark-Andre ter Stegen, Kataloniya klubunun digər hazırkı və keçmiş futbolçuları, klub rəhbərliyi yer alıb.
1,2 milyon əhalisi olan Rosario şəhəri üçün Messinin toyu böyük əhəmiyyət daşıyır. Paytaxt Buenos Ayresdən 310 km uzaqda yerləşən şəhərdə Çe Gevara, Marselo Byelsa, Sezar Menotti kimi məşhur simalar dünyaya gəlib. Şəhər əhalisi futbolçunun bu qərarından çox razı qalıb.

Bəs Messinin toyunda nələr olacaq? Argentinanın çox maraqlı və ilginc toy adətləri var. Amma ulduz futbolçunun bunlardan hansıları yerinə yetirib-yetirməyəcəyi hələ bilinmir. Amma biz onlardan bəzilərini təqdim edirik.
Öncəliklə deyək Argentinada valideynlərin cütlükləri tanış etməsi kimi bir adət yoxdu. Qızla oğlan öz aralarında evlənmək qərarına gəldikdən sonra bu barədə ailələrinə məlumat verirlər. Bu vaxt isə dövrəyə bəy və gəlinin anaları girir. Bundan sonra bütün planları analar qurur. Toy xərclərinin çoxunu qız tərəfi öz üzərinə götürür.

Cütlüklər nişanlanan zaman üzüklər sağ nişan barmağına taxılır. Toyda isə çıxarılaraq sol üzük barmağına keçirilir.
Katolik inancının hakim olduğu ölkədə kilsə toyları orta hesabla 2 saat davam edir. Argentinada kilsədə keçirilən toy hüquqi cəhətdən tanınmır və rəsmi nigah vacibdi.
Argentina toylarının ilginc adətləri var. Belə ki, gəlinlə bəyin üzərinə kilsədən çıxarkən dürüstlüyü təmsil etdiyinə inanılan düyü və ya quş yemi atılır. Böyük ehtimalla, Messi və Antonellanın toyunda da bu adət yaddan çıxmayacaq.

Kilsədə gəlinin yanında atası, bəyin yanında anası gedir. Toy üçün gətirilən hədiyyələr hər kəsin yanında açılır.
Messinin toyu ilə bağlı bilinməsi vacib olan və təhlükəli bir vəziyyət var. Belə ki, toydan sonra partinin təşkil olunacağı "Casino Hotel"in yerləşdiyi ərazi La Qranada kimi tanınır. Bu bölgə şəhərin ən təhlükəli yeri hesab olunur. Çünki əraziyə "Los Monos" (Meymunlar) adlı narkotik qruplaşması nəzarət edilir. Bu səbəbdən toy ərəfəsində təhlükəsizlik təmin edilməlidi.
Argentina mətbuatının məlumatına görə, Messinin ailəsi İsrailin bir təhlükəsizlik firması ilə müqavilə imzalayıb. Yerli əhali israilli agentlərin bir neçə gündü La Qranadada fəaliyyət göstərdiyini bildirir. Bütün kritik bölgələri nəzarət altına alan agentlərə Santa Fe və Rosario polis təşkilatının da dəstək verdiyi deyilir.
Toy üçün 150 media işçisi akkreditasiyadan keçib. Amma jurnalistlər sadəcə otelin qapısında qurulacaq ərazidə olacaq. Otelin içinə daxil olmalarına isə icazə verilməyəcək.

Fanat.Az