Milli komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, ötən axşam İtaliya və İspaniya milliləri üz-üzə gəlib.
Boloniyada baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 60-cı dəqiqədə meydan sahiblərindən Lorenzo İnsigne açıb. İspanlar buna 10 dəqiqə sonra Aritz Adurizin qolu ilə cavab verib.
İtaliya martın 29-da Münhendə Almaniya, İspaniya ayın 27-də Klujda Rumıniya ilə yoxlama oyunu keçirəcək.
Avropa çempionatına vəsiqə qazanmış daha iki komanda - Uels və Şimali İrlandiya Kardiffdə üz-üzə gəlib. Bu oyun da 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 60-cı dəqiqədə qonaqlardan Krayq Katkart açıb. 89-cu dəqiqədə isə Simon Kurx penaltidən hesabı bərabərləşdirib.
Uels millisi martın 28-də Kiyevdə Ukraynanın qonağı olacaq. Şimali İrlandiya isə həmin gün Belfastda Sloveniyanı qəbul edəcək.
Daha bir sınaq matçı Çexiya və Şotlandiya milliləri arasında baş tutub. Praqada baş tutan oyunda "AVRO-2016"nın iştirakçısı olacaq çexlər uduzub - 0:1. Matçın yeganə qoluna 10-cu dəqiqədə İkeçi Anya imza atıb.
Çexiya martın 29-da Solnada İsveç millisinin qonağı olacaq. Şotlandiya isə ayın 30-da Qlazqoda Danimarkanı sınağa çəkəcək.
Fanat.az