Azərbaycan Atıcılıq Federasiyasının baş məşqçisi İradə Aşumova idmançıları yarışlara buraxmır, federasiyaya gələn gəliri ancaq öz ailə üzvlərinə xərcləyir. Fanat.az xəbər verir ki, yığma komandanın üzvlərinin aznews.az-a göndərdikləri müraciətdə belə deyilir.
İdmançılar Aşumovanı onların inkişafına mane olmaqda təqsirləndirirlər. Müraciətdə deyilir ki, Aşumova komandaya baş məşqçi təyin olunandan sonra güllə atıcılığı üzrə idman yarışlarına özü, oğlu Ruslan Lunyov və iki yaxın qohumundan (əri və bacısı qızı - red.) başqa idmançıları göndərmir. İdmançıların iddiasına görə, onların Bakıda keçirilən I Avropa Oyunlarına qatılmamalarının səbəbkarı da Aşumovadı.
Komandanın üzvlərindən olan Xəyalə Hüseynli açıqlamasında İradə Aşumovanın komandadan getməsini, yerinə daha obyektiv baş məşqçinin gətirilməsini tələb etdiklərini deyib: “Bu yaxınlarda İradə xanımın müsahibəsini oxudum, deyib ki, I Avropa Oyunları bizim ana-oğul çıxış etdiyimiz ilk yarışdı. Amma yalan deyir. Bu vaxta kimi onların ana-oğul qatıldıqları yarışları faktlarla sübut edə bilərik. Dövlət hesabına bütün dünyanı gəzirlər. Əlimizdə faktlar da var. Onlar ana-oğul 97 ən böyük yarışa qatılıblar. Kiçik və orta yarışları da hesablasaq 200-300-ü keçər. Həyat yoldaşı Vladimir də məşqçi kimi onlarla bir yerdə bütün dünyanı gəzir. Təzəlikcə də bacısı qızı peyda olub ki, onun da atıcılıqdan heç bir anlayışı yoxdu. Avropa Oyunlarında da biabırçı nəticə göstərdi, halbuki digər potensiallı idmançılarımız çıxsaydılar, daha yüksək nəticələr göstərib, ölkənin adını yüksəldərdilər”.
Fanat.az