İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yarışın 3-cü günündə 7-ci medalını qazanıb.
Ağır atletika yığmamızın üzvü Zülfüqar Süleymanov bürünc medal əldə edib. 62 kq çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 123 kq, təkanla qaldırma hərəkətində isə 156 kq çəkini başı üzərinə qaldırıb.
Qeyd edək ki, yığmamız bundan əvvəl 6 medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayev, Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev, həmçinin, üzgüçülük yığmamızın üzvü Yevgeni Lazuka və ağır atletika yığmamızın üzvü Silviya Angelova gümüş medala sahib çıxıb.