İlham Əliyev: "Tam hazırıq"

İlham Əliyev: "Tam hazırıq"

Prezident İlham Əliyev I Avopa oyunlarının məşəli alovlandırılması mərasimində çıxış edib. Fanat.az prezidentin çıxışını təqdim edir: 

2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edib. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdi. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdi. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdı. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdi. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapıb.

Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdı. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün edib. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülüb. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilib. Bu, tarixi nailiyyətdi.

Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılıb. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynayıb. Hesab edirəm, önəmli məsələ ondan ibarətdi ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılıb.

Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədi. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək.

Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədi. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədi.

Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdi. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdi. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdi.

Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaq. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.

Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!"//AzərTAc

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər