“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədi". Fanat.Az xəbər verir ki, bu sözləri qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edən prezident İlham Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərir. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən prezident deyib ki, qrupdakı və 1/4 final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.
"Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidi ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, deyən İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söyləyib. Dövlət başçısı bildirib ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.
Prezident milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlət başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu deyib. Prezident, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirib. Dövlət başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirib.
"Bizim idmançılar çox peşəkar və vətənpərvərdi. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdı", deyən prezident idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.
Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən İlham Əliyev Avropa çempionatında dördüncü yeri tutmağın böyük nailiyyət olduğunu bir daha vurğulaybı. Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olmasa da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə aparıb.
Fanat.Az