Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. I Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.
Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.
Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında prezident İlham Əliyev qəbul edib. İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.
Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb. İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.

Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.
Azərbaycan prezidenti I Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib. Bununla da I Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.

Fanat.az