Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 3-cü və 5-ci yerlərin sahibləri müəyyənləşəcək. Belarus və Tacikistan milliləri bürünc medal uğrunda mübarizə aparacaqlar. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq. Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.
Yevlax Olimpiya İdman Kompleksində 13 çəki dərəcəsində mübarizə aparan kişi boksçuların yarımfinal görüşləri baş tutacaq.
Gəncədə 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində güləşçilərin mübarizəsi baş tutacaq. "Nizami yurdu"nda həmçinin, Azərbaycan ilə Özbəkistan, o cümlədən Qırğızıstan və Rusiya voleybol milliləri üz-üzə gələcəklər. Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.
Mingəçevirdə karate yarışlarına start veriləcək. "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilər yarışacaq.
Həmçinin, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Xankəndidə kamandan oxatma yarışları keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.