Azərbaycanda keçirilən III MDB Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda 7 idman növü üzrə mübarizə baş tutacaq.
Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Millimiz ilk oyununda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları start götürəcək. Bundan başqa, Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.
Gəncə İdman Sarayında üzgüçülük və voleybol, Mingəçevirdə taekvondo, Yevlaxda isə boks yarışları təşkil olunacaq. Voleybol yarışının təsnifat mərhələsində Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Azərbaycan 5 qızıl, 17 gümüş və 16 bürünc medalla ümumi sıralamada 2-ci pillədə qərarlaşıb. Siyahıya 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medalla Rusiya komandası başçılıq edir.