Azərbaycanda təşkil olunan III MDB Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, yarışın 9-cu günündə 11 idman növü üzrə görüşlər keçiriləcək.
Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Rusiya yığmasına qarşı final matçına çıxacaq. Qəbələdə, həmçinin badminton yarışları təşkil ediləcək.
Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.
Gəncədə 4 növdə - güləş, qılıncoynatma, atıcılıq və voleybol yarışları keçiriləcək.
Göygöldə cüdo yarışlarına start veriləcək. Mingəçevirdə karate, Yevlaxda boks, Xankəndidə isə kamandan oxatma yarışları davam etdiriləcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Hazırda medal sıralamasında aktivində 73 qızıl, 27 gümüş, 16 bürünc medal olan Rusiya liderdir. İkinci sırada Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) qərarlaşıb. Hesabında 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan Azərbaycan komandası isə üçüncü pillədədir.