İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında Azərbaycan yığmasının uğurlu çıxışı davam edir. Fanat.az xəbər verir ki, ilk günü bir qızıl, bir gümüş medalla qapayan yığmamız bu gün daha bir qızılı aktivinə yazıb.
"Qəbələ" Karate Klubunun üzvü Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz Əlcəzair, Türkiyə və Misir karateçilərini məğlub edərək finala yüksəlib. Rafael həlledici qarşılaşmada iranlı idmançı ilə üz-üzə gəlib. Rəqibinə şans verməyən idmançı medal kolleksiyasına daha bir qızıl əlavə edib. Bu qələbədən sonra Azərbaycan İslamiadadakı medallarının sayını 3-ə çatdırıb - 2 qızıl, 1 gümüş.
Bundan başqa Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Gənclər arasında Avropa çempionatındakı uğurlu çıxışı başa vurub. Ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan yığma komandamız bu gün səhər saatlarında vətənə dönüb. İdmançılarımız Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdosevərlər tərəfindən coşqu ilə qarşılanıb. Hava Limanında ölkə media orqanlarının iştirakı ilə brifinqlər təşkil olunub.