Hesab edin ki…

Hesab edin ki…

Con Toşakın “qələmini qırdığı” Elnur Allahverdiyevin küçədə qalmayacağı öncədən məlum idi. Millinin təcrübəli müdafiəçisi xarakterindəki problemlərə rəğmən, Azərbaycanda top qovan əksər legioner müdafiəçilərdən daha bacarıqlı futbolçudu.

Hə, onun “Qəbələ”yə keçməsinə birmənalı yanaşmaq çətindi. Çünki Allahverdiyev məhz bu klubun təmsil etdiyi şəhərdə yerli azarkeşlərlə uzun müddət mətbuatın gündəmindən düşməyən qalmaqal yaşayıb. Şimal təmsilçisinin rəhbərliyinin onu heyətə qatarkən tərəfdar amilini, azarkeş imicini ümumiyyətlə nəzərə almaması da faktdı. Yuri Syomin uzun müddətə sıradan çıxan Rail Məlikovun yerində oynatmağa yeni futbolçi istəyib və məsələ həllini tapıb.

Qaydalara əsasən “transfer pəncərəsi” bağlanana qədər  kluba bağlılığı qalmayan oyunçu digər komandanın şərəfini qoruya bilər. Azərbaycanda avqustun 31-i heyəti gücləndirmək istəyənlər üçün son tarix olub. “Qəbələ” rəsmiləri Allahverdiyevin həmin tarixə qədər “Xəzər Lənkəran”la üzülüşdüyünü deyir. Halbuki sözügedən oyunçu məhz avqustun 31-də ağ-yaşıl formada Syominin komandasına qarşı rəqib meydanında 90 dəqiqə oynayıb. Belə çıxır ki, “gəmiçilər” futbolçuya “azad agent” statusunu əvvəldən verdiyi halda, o, meydana çıxıbmış? Əslində “Xəzər Lənkəran”ın mətbuat xidmətindən də mətbuata “qəbələlilər nə deyirsə, düz deyir” tipli açıqlama gəlib.

Bura Azərbaycandı... Hər şeyi də Azərbaycansayağı yola vermək mümkündü. Real yanaşsaq, Toşakın qəzəbinə düçar olan Allahverdiyevin “yoluna mina basdırmaq” istəməyiblər. Hamı bir-birini yola verib, vəssalam. “Olarlar”, “olmazlar” kağız üzərindədi. Bizdə kağız-kuğuz “mən ölüm”ə tabedirsə,  haray-həşir salmaq artıq hərəkətdi. Məşhur reklam çarxında deyildiyi kimi: hesab edin ki, mən heç nə görməmişəm!

Nihat Ağasoy

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər