"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu - "Alyans Arena"da "Bayern Münhen"ə qarşı keçirdikləri matç (2:2) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Marca" belə çatdırıb:
"Əgər qalib gələ bilmiriksə, bu o deməkdir ki, qalib gəlmək istəmirik. Hər şeyi nəzərə alsaq, heç-heçə ideal nəticədir. İndi evdə oynayacağıq.
Bunlar Çempionlar Liqasının oyunlarıdır, biz belə qarşılaşmalara öyrəşmişik. Rəqib sizin artıq məğlub olduğunuzu düşünən zaman ən təhlükəli ola bilərsiniz. Oyunun hansısa mərhələsində o qədər də yaxşı oynamadıq. Hərçənd hesabı bərabərləşdirə bildik.
Mən sol cinahda oynadım. Hərdən meydanda Vini ilə (Vinisius Junior - red.) yerimizi dəyişirik. Bu, yaxşı taktikadır. Ümid edirəm ki, baş məşqçimiz bu taktikadan istifadəyə davam edəcək. "Santyaqo Bernabeu"dakı qarşılaşmadan öncə heç nə həll olunmayıb. Amma biz evdə oynayacağıq".
Qeyd edək ki, tərəflərin Madriddə reallaşacaq cavab görüşü mayın 8-də keçiriləcək.
Nihat