Hansı idmançılar polisdə çalışır? - SİYAHI

Hansı idmançılar polisdə çalışır? - SİYAHI
Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən, hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu peşədə çalışmaq bir çox insanın arzusudu. Ölkəmizdə idmançıların da arasında polis orqanlarında çalışan xeyli insan var. Belə nəticəyə gəlmək olar ki, adi insanlar kimi, idmançıların da bir çoxu övladlarını hüquq-mühafizə orqanlarında görməyi arzulayır.
Fanat.az azvision.az-a istinadən Azərbaycanda polis orqanlarında çalışan tanınmış idmançıların bir qismini oxuculara təqdim edir.
Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli 2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə polis baş leytenantı rütbəsini və zabit poqonlarını təqdim edib. Hazırda Elnur Məmmədli polis kapitanı rütbəsi daşıyır.
Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev polis polkovnik-leytenantıdır. O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.
Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir. O, 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi və 1 dəfə gənclər arasında dünya çempionu, idmanın qeyri-olimpiya növündə “Şöhrət” ordeni alan məşhur samboçudur. 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.
Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır. Stend atıcılığı üzrə dünya çempionu, 6 dünya, 2 olimpiya rekordu qazanıb. Hazırda "Dinamo" cəmiyyəti tədris-idman şöbəsinin rəisidir. "Şöhrət" ordeni ilə təltif edilib. 2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısıdır.
“Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu Eduard Məmmədov polis polkovnik-leytenantıdır. 15 qat Azərbaycan, 19 qat dünya, 6 dəfə Avropa, Asiya və Avrasiya çempionudur. İkiqat interkontinental kəmərinin sahibi, dəfələrlə peşəkar turnirlərin qalibidir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər