Firdovsi Umudov: "Hakimlər Cəbrayılı məğlubiyyətə uğratdılar"

Firdovsi Umudov: "Hakimlər Cəbrayılı məğlubiyyətə uğratdılar"

ABŞ-ın Ayova şəhərində keçirilmiş Dünya Kubokunda ikinci yeri tutan sərbəst güləş üzrə yığmamız Vətənə qayıdıb.

 

Fanat.Az-ın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə yarışın yekunları haqda danışan baş məşqçi Firdovsi Umudovdünyanın 8 ən güclü komandasının iştirak etdiyi yarışda ikinci yeri tutmağın böyük uğur olduğunu söyləyib: "Dünya Kubokunda dünyanın səkkiz ən güclü komandası yer almışdı. Bizim qrupda Kuba, Qazaxıstan və Monqolustan yığmaları var idi. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Yarışa gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdı. Komandanın tərkibində gənc güləşçilərə də üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Müslümov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı. Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin çıxışı çox xoşumuza gəldi".

Çalışdırıcı finalda komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını vurğulayıb: "Finalda pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hacı Əliyevin səhhətində finaldan qabaq - Kuba güləşçisi ilə görüşdə problem yaranmışdı. Cəbrayıl Həsənovun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, 4 xallıq və 2 xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar. Finalda qarşılaşdığımız Amerika yığması ötən ilin dünya çempionu idi. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdü, səhvlərimiz var idi. Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığmanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaq. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi".

Qeyd edək ki, B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib və finala yüksəlib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. Gərgin keçən final görüşü ABŞ yığmasının 6:4 üstünlüyü ilə başa çatıb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər