FIFA-nın sabiq baş katibinin müavini olmuş Jerome Çampagne 2015-ci ildə qurumun prezidentliyinə namizəd olacaq. Fanat.az xəbər verir ki, bu barədə fransız diplomat özü açıqlama verib.
Çampagne Londonda keçirdiyi mətbuat konfransında gələn il İsveçrədə keçiriləcək seçkidə namizəd olacağını bildirib: "Fərqli bir FIFA-ya ehtiyacamız var. Daha demokratik, daha yaxşı davranış sərgiləyən və daha çox çalışan FIFA".
55 yaşlı fransız diplomatın namizədliyini açıqladığı konfransda veteran futbolçu Pelenin əvvəlcədən lentə alınan müraciəti nümayiş etdirilib. Braziliyalı əfsanə Çampagnenin namizədliyini dəstəkləyib: "Futbolun gələcəyi üçün böyük önəm daşıyan bu layihədən uzaq qalmayacağam. Bu səbəbdən Jerome Çampagnei və platformasını dəstəkləyirəm. Futbol bu günlərdə bir çox uğurun həzzini yaşayır. Ancaq futbol bu gün bir çox problemlə də üz-üzədi. Hər kəsin yararına olan, güclü və demokratik FIFA vəd edən layihəni dəstəkləyirəm. Eyni zamanda, futbolun inkişaf proqramları davam etdirilməli, XXI əsrə adaptasiya olunmalıdı".
1983-1998-ci illərdə Fransanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri tutan Çampagnenin FIFA-dakı fəaliyyəti Fransada keçirilən 1998-ci il dünya çempionatından başlayıb. Fransa-98-də Diplomatik Məsləhətçi və Təşkilat Komitəsi Protokol bölməsinə rəhbərlik edən diplomat 1999-cu ildən 11 il FIFA-da fəaliyyət göstərib. O, 1999-2002-ci illərdə FIFA prezidentinin beynəlxalq məsləhətçisi, 2002-2005-ci illərdə baş katibin müavini, 2005-2007-ci illərdə prezident təmsilçisi və 2007-2010-cu illərdə beynəlxalq münasibətlər direktoru vəzifələrini tutub.
Çampagne 2010-cu ildən bəri Kosova, Fələstin, Konqo və Şimali Kipr Türk Cumhuriyyəti kimi problemli ölkələrin futbol federasiyaları üzrə müstəqil məsləhətçi kimi fəaliyyət göstərir.
Fanat.az