UEFA-nın sabiq prezidenti Mişel Platininin diskvalifikasiyasıyla bağlı verilən qərar qüvvədə qalacaq.
Fanat.Az-ın məlumatına görə, İsveçrə prokurorluğu fransalını ona qarşı yönələn ittihamlardan azad etsə də, FİFA Platiniyə güzəşt etməyəcək.
Qurumdan bildirilib ki, etik kodeksi pozan fransalıya cəza tətbiq olunmasını İdman Arbitraj Məhkəməsi (CAS) dəstəkləyib. Sonuncular cəzanı 4 ilə qədər azaltsa da, bu iki qurum heç vaxt Platinini bağışlamaq niyyətindən uzaqdı.
Assosiasiya İsveçrə qanunvericiliyi ilə FİFA qaydalarının fərqli olduğunu önə çəkib və bu üzdən də etik kodeksi pozan şəxslə bağlı qərara baxılmayacağını açıqlayıb: "CAS və FİFA onun cinayət törədib-törətmədiyinin fərqinə varmayacaq. Platini etik kodekslə bağlı bir sıra pozuntulara yol verib. Bunlar da İsveçrə Ali Məhkəməsində də təsdiqlənib”.
Fanat.Az