“Oyunlara sonradan çıxmağımdan narahat deyiləm. Burda çıxış etmək ürəyimcədi”. Bu sözləri Fanat.az-a açıqlamasında Türkiyənin 1-ci liqa klubu “Kahramanmaraşspor”un hücumçusu Fərid Quliyev deyib.
AZAL-ın düşərgəsində məşq etsə də, Türkiyəyə yollanmağı üstün tutan forvard əsas heyətdə möhkəmlənməyi hədəfləyib: “Mövsümün 3 matçı geridə qalıb. Hələ qələbə qazana bilməmişik. Ancaq başlanğıcdakı nəticələrin yerini qələbələrə verəcəyinə inanırıq. Geridə qalan turlarda sonradan meydana çıxıb oynamışam. Məqsədim start “11-lik”də möhkəmlənməkdi. Yaxşı azarkeşlərimiz var. Bu baxımdan Premyer Liqanı PTT liqası ilə müqayisə etmək belə yersizdi. Açığı, peşəkarlıq baxımından da burda hər şey ürəkaçandı. Bura gələnədək mən də çox şeydən xəbərsiz idim. Komandalar əsasən güc futboluna üstünlük verirlər. Mübarizələr çox gərgin keçir. Bəzi oyunlara 40 min azarkeş gəlir, təsəvvür edirsiz? Baş məşqçi ilə münasibətlərimiz qaydasındadı. Digər tərəfdən də legioner sayılmamağım əsas heyətdə möhkəmlənməyimə kömək edəcək”.
Quliyev “Qəbələ”nin sabiq futbolçusu Mustafa Dabo ilə münasibətlərindən də danışdı: “Dabo Azərbaycanda çıxış edib. Belə desək, köhnə tanışlar kimi münasibət saxlayırıq. Türkiyə azərbaycanlı üçün yad ölkə deyil. Dabo isə fərqli ölkəni, fərqli mədəniyyəti təmsil edir. Tez-tez onunla söhbətləşirik. Digər komandalarda oynayan həmyerlilərimizlə üz-üzə gəlmək də maraqlı olacaq”.
Xatırladaq ki, Fəridin komandası son turda səfərdə “Şanlıurfaspor”a minimal hesabla yenilib. Azərbaycanlı forvard 71-ci dəqiqədə oyundaşını əvəzləyib.
Fanat.az