"Çempion olmağa gəlmişəm" - Mahir Emrelinin yeni məşqçisi

"Çempion olmağa gəlmişəm" - Mahir Emrelinin yeni məşqçisi

Təxminən on ildən sonra yenidən "Dinamo Zaqreb"in ehtiyat oyunçular skamyasına dönən yeni baş məşqçi Ante Çaçiç qalan beş turda komandanı titula daşıya biləcəyinə inanır. 

Fanat.Az xəbər verir ki, Mahir Emrelinin yeni çalışdırıcısı ilk mətbuat konfransında komandanın durumunu izah edib:

"Komanda yaxşı vəziyyətdədir, baxmayaraq ki, Splitdəki zəif çıxış oyunçuların psixikasında iz buraxıb. Amma biz "Qoritsa" ilə matça hazır olacağıq. Rəqib "bərk qoz"dur. Onlara hörmətimiz var, eyni zamanda bizə qələbə gətirməli olan keyfiyyətimiz də var. 

Biz komanda üzvləri ilə ümumi və fərdi şəkildə danışdıq. Bütün Xorvatiya bilir ki, “Dinamo” ən yaxşı komandadır və biz bunu mövsümün sonunda təsdiq etməliyik. “Dinamo” rəqiblərinə uyğunlaşmamalıdır. Biz üstün olmalıyıq, daha çox imkan yaratmalıyıq. Daim təzyiq etməliyik, daha çox oyunçu ilə hücuma çıxmalıyıq. Bu komandadan istədiyim budur.

Həmişə özümü evdəki kimi hiss etdiyim "Dinamo"nu axırıncı dəfə çalışdırdığımdan on il keçsə də, həmişə bu komandayla idim. Azarkeş kimi onun yanındaydım. İndi isə komandanı turnir cədvəlində hazırkı mövqeyində - birinci yerdə saxlamalıyam. Çempion olmaq istəyirəm".

Qeyd edək ki, "Qoritsa" - "Dinamo" oyunu sabah Bakı vaxtı ilə saat 21:05-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər