PSJ 2016-17 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində "Barselona"nı darmadağın etməsinə (4:0) baxmayaraq, revanş matçında 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
Fanat.Az xəbər verir ki, həmin dövrdə Paris klubunu çalışdıran Unay Emeri "Marca"ya müsahibəsində tarixi geridönüşdən danışıb. İspan mütəxəssis hakim səhvlərinə diqqət çəkib:
"O matçdan çox nəticə çıxarmaq olar. Amma həmin oyunla bağlı bir şeyi dəyişməli olsam, yəqin ki, təkcə hakimi dəyişərdim. Yaxın günlərdə görüşün təkrarını izləyə bildim. Kanalları dəyişəndə qarşıma çıxdı. 50-82-ci dəqiqələr aralığını izlədim. 0:3 geridə idik, ardınca bir qol vurduq, sonra Kavaninin qapıçı ilə təkbətək qaldığı epizod oldu, Di Mariyanın "təmiz" penaltisi verilmədi. 82-ci dəqiqədə isə məhz argentinalı futbolçunun Neymara qarşı qaydanı pozması qolla nəticələndi.
Orada dayandım, matçın qalan hissəsini izləmədim. Mövsüm boyu zədələrdən əziyyət çəkən, lider futbolçularımızdan birinin nəticəyə təsir etdiyini gördüm. Bəlkə də, onu əvəzləmək olardı. Belə detallar oyunun gedişində gözdən qaça bilir".
Fanat.Az