“Neftçi”nin baş məşqçisi Elşad Əhmədovun Fanat.Az-a müsahibəsi.
- Elxan Abdullayevin istefasından sonra əsas komandanın “sükan”ı sizə həvalə edildi...
- Təklif klub prezidenti Orxan Hüseynzadədən gəldi. Əsas komandanı çalışdırmağın məsuliyyətli iş olduğunu bilirdim. Bununla belə, tərəddüd etmədən razılaşdım. Görməli olduğum işlər var idi. Ona görə də vaxt itirmədən “Kəpəz”lə çempionat oyununa hazırlaşdıq.
- Hələ baş məşqçi postunda təsdiqlənməmisiz. Rəhbərlik yeni çalışdırıcı axtarışına çıxdığını açıqlamasa da, müxtəlif mənbələrdə potensial namizədlər haqda müxtəlif fikirlər səsləndirilir. Bu, sizi həvəsdən salmır?
- Məncə, normal haldı. Dünyanın hər yerində belədi. Həvəsdən düşmürəm. Əksinə, özümü sübut etməyə çalışıram. Komandada görüləcək işlər var. Belə desək, bütün diqqətimi öz işimə yönəltmişəm.

- “Neftçi”ni Premyer Liqada bir oyuna çıxarmısız. “Kəpəz”lə matç qolsuz bərabərliklə bitdi. Qarşıdan isə “Sumqayıt”la səfər matçı gəlir. Bu müddətdə nəyi dəyişə bilmisiz?
- Gəncə təmsilçisiylə oyunda qol vurmasaq da, uşaqlarda özünəinam gördüm. Həvəs, motivasiya böyük şərtdi. Hər şey bundan başlayır. Heyət zəif deyil. Bu kollektivlə uğur qazanmaq olar. Müəyyən irəliləyiş var, davamını gətirməliyik.
- Uğur deyəndə nəyi nəzərdə tutursuz?
- Real yanaşsaq, mükafatçılar sırasına düşəcək gücdəyik. Oyun səviyyəsi turdan-tura yaxşılaşacaq. Məsələn, fiziki hazırlığı milli komandaların oyunlarına görə yaranan fasilədə artırmağa çalışmışıq. dörd gün məşq etdik. Gündə iki hazırlıq keçdik. Ümumi fiziki durumun 15 faiz yaxşılaşdığını düşünürəm.
- Yəni fiziki planda tam hazırsız?
- Dörd günlük qısa toplanışdan sonra 75 faiz hazırıq. Taktiki yöndə də məşqlərimizi davam etdiririk. “Neftçi” adına layiq oyun sərgiləməli, ənənəvi üslubuna sadiq qalmalıdı. Dediyim kimi, komandanın potensialı var. “Artırmaq” şansımız çoxdu. Uşaqlarla bu haqda söhbətimiz olub. Özləri də bilirlər ki, qarşıya qoyduğumuz məqsəd reallıqla üst-üstə düşür.

- Sumqayıt səfərində hədəf nə olacaq?
- Baxımlı oyun və maksimum nəticə. “Neftçi” bütün görüşlərdə azarkeşlərin zövqünü oxşayan tərzdə oynamalı və qələbəni hədəfləməlidi.
- Son vaxtlar əksini görürük...
- Mən bu günü və sabahı nəzərdə tuturam. Bacararıq və buna əminəm. Əmin olmasam, yükü çiyinlərimə götürməzdim.
- Son illərin dəyişməz çempionu “Qarabağ”dı. Qızıl medallar uğrunda rəqabətə isə yalnız “Qəbələ” qoşula bilir.
- Biz də bu rəqabətə qoşulmağı hədəfləmişik. Çempionatın gedişində özünüz şahid olacaqsız.
- Əvəzedici komandada baş məşqçi olmağınız sizə əlavə çətinlik yaratmayacaq?
- “Dubl”u köməkçi-məşqçi hazırlayır. Düzdü, mən də oyunlara gedirəm. Amma əvəzedici komandanın bütün məşqlərində olmuram. Xüsusi çətinlik yoxdu.

- Məşqçilər adətən özləri qurmadığı komandayla işləməyə çətinlik çəkir. Hansı mövqelərdə boşluq sezilir?
- Vəziyyət çıxılmaz deyil. Böyük boşluqlardan danışmaqdansa, işləmək lazımdı. Sərəncamımda daha iki oyunçu - futbol diliylə desək, “10 nömrə” və “6 nömrə” olmasını istəyərdim. Qışa qədər onlarsız da keçinərik. Əsas ümumi oyun keyfiyyətinin yaxşılaşdırılmasıdı. Qısa və orta ötürmələr üzərində işləməli, xətlərarası əlaqə səviyyəsini yüksəltməliyik.
- Gəlin bir qədər konkret danışaq, indiki “Neftçi”ylə tutaq ki, Avroliqanın qrupuna düşmək mümkündü?
- Bir qədər də güclənsək, mümkündü. Öncə oyunumuzla azarkeşlərimizi tribunalara qaytarmalı, onların güvəninə layiq olduğumuzu isbatlamalıyıq. “Neftçi” həmişə qarşısına böyük məqsədlər qoymalıdı.
Fanat.Az