"Real Madrid"in yarımmüdafiəçisi Eden Hazar komandada keçirdiyi qeyri məhsuldar iki mövsüm barədə danışıb.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçu klubdan ayrılacağı ilə bağlı şaiələrə də aydınlıq gətirib:
"Klubla 5 illik müqaviləm var. Etiraf edim ki, ilk iki mövsümü yaxşı keçirmədiyimin fərqindəyəm. Zədələr vəziyyəti çətinləşdirdi, amma özümü sübut etmək üçün qarşıda daha üç ilim var. Gələcəyə ümidlə baxıram. "Real Madrid" mənə lazım olandan daha çox pul xərcləyib. Onun əvəzini qaytarmağın vaxtı gəlib çatıb. Kluba nəsə vermək istəyirəm. Azarkeşlər düşünür ki, mən zədəyə meyilli futbolçuyam. Reallıq budur. Amma mənim karyerama baxsanız ,10 ildə mənim qədər zədəsiz oyun keçirən futbolçu tapa bilməzsiniz.
Lazım olanları edirəm. Məşqimə fikir verirəm. Fizioterapevtlə işləyirəm. Mövsümün əvvəlindən bəri xeyli iş görmüşük. Hazırda hər şey yaxşı gedir. Özümü daha yaxşı hiss edirəm, amma hələ 100% hazır deyiləm.
Klubu tərk etməyə gəlincə, deyim ki, bunlar lazımsız şaiələrdir. "Real Madrid"lə qarşıda böyük planlarım var".
Xatırladaq ki, Eden Hazar 2019-cu ildən "Kral klubu"nun şərəfini qoruyur.
Emin Şəmsiyev