"Tokioya ikinci Paralimpiya çempionluğunun ardınca gedəcəyəm. 13 il əvvəlki çempionluğu təkrarlayacağıma inanıram".
Bu fikirlər atletikanın nüvə itələmə növü üzrə Pekin-2008 Paralimpiya Oyunlarının çempionu Oluxan Musayevə məxsusdur.
Tokio Paralimpiadasına hazırlığı barədə Fanat.az-a danışan 42 yaşlı idmançı, il ərzində iştirak etdiyi turnirlərdə potensialını tam açmadığını bildirib. O, bunu keçmiş tərübəsi ilə əlaqələndirib:
"Paralimpiya Oyunlarında yenidən nüvə itələmə üzrə çıxış edəcəyimə görə çox şadam. Türkiyədə bir neçə təlim-məşq toplanışı keçmişik, hazırda məşqlərimiz Bakıda davam edir. Pandemiya şəraitində hazırlıqlarımız uzun müddət dayansa da, artıq formamı bərpa etmişəm. İl ərzində qatıldığım yarışlarda birinci olmuşam. Ancaq indi hər şeyi düşünüb, addım atıram. Pekində təcrübəsiz idim. O vaxt çempionluq üçün mənə 12 metr nəticə də bəs edirdi, mən isə 13,49 atıb özümü işə saldım. Yer aldığım fiziki məhdudiyyət kateqoriyasında əsassız dəyişikliklər edildi, sonradan isə ləğv olundu".
Azərbaycanı Tokio-2020-də iki növ üzrə - nüvə itələmə və lövhə atmada təmsil edəcək təcrübəli idmançı, əsas diqqətini Pekin çempionluğunu dünya rekordu ilə qazandığı "nüvə"yə yönəltdiyini açıqlayıb: ""Lövhə"də gücdən çox elastiklik, yarışın keçirildiyi məkanın hava durumu və digər amillər rol oynayır. Ona görə bu növ məndə o qədər uğurlu alınmayıb. Nüvə itələmə sırf gücə əsaslandığı üçün əsl mənim növümdür. Hər hansı gözlənilməzlik baş verməsə, ikinci dəfə Paralimpiya çempionu olacağıma inanıram. Hətta buna əminəm".
Qeyd edək ki, Tokio-2020 Paralimpiya Oyunlarının avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulub.
Sahib Əsədbəyli