Braziliyada keçirilən dünya çempionatı başa çatdı. Finalda Argentinanı yenən (1:0) Almaniya 24 illik fasilədən sonra 4-cü çempionluğunu qazanaraq azarkeşlərini sevindirdi. Fanat.az XX dünya çempionatının yaddaşlarda qalacaq məqamlarını təqdim edir:
Suaresin dişləri və tarixi cəza
Uruqvay millisinin ulduzu Luis Suares İtaliya ilə matçda rəqibi Giorgio Çiellinini dişləyərək dünya çempionatına damğa vurdu. FIFA isə onun bu hərəkətini bağışlamadı və oyunçuya rekord cəza verdi. Qərara əsasən Suares 9 milli matçı buraxmaqla yanaşı, 4 ay futboldan uzaq qalacaq, hətta stadiona belə girə bilməyəcək.
Baş məşqçi "soyqırımı"
DÇ-2014-də Əlcəzair, Nigeriya, Kot`D-İvuar, İtaliya, İran, Yaponiya, Cənubi Koreya, Hollandiya, İsveçrə, Argentina, Braziliya və Honduras millilərinin baş məşqçisi istefa verdi. Postundan ayrılan ilk mütəxəssis Cesare Prandelli oldu. 4 dəfə dünya çempionu olmuş İtaliya millisi D qrupunda mübarizə apardı və 1/8 finala çıxa bilmədi. Bunun nəticəsində AVRO-2016-nın seçmə mərhələsində millimizə rəqib olan komandanın baş məşqçisi istefa verdi.
Onun ardınca C qrupunun son matçında Yunanıstana yenilərək mübarizəni dayandıran Kot`D-İvuarın fransız çalışdırıcısı Sabri Lamouçi postunu tərk etdi. F qrupunu qələbəsiz başa vuran İranın portuqaliyalı baş məşqçisi Karlos Keyruş, C qrupunun 3 matçında qələbə üzünə həsrət qalan Yaponiyanın italyan çalışdırıcısı Alberto Zakkeroni, E qrupundakı hər 3 oyunda yenilən Hondurasın kolumbiyalı baş məşqçisi Luis Suares və qrupdan çıxa bilməyən Cənubi Koreyanın çalışdırıcısı Honq Myunqbo da qrup mərhələsindən sonra işini itirdi.
1/8 finalda daha 3 mütəxəssis işsiz qaldı. Fransaya yenilən Nigeriyanın çalışdırıcısı Stepan Keşi, Almaniyaya uduzan Əlcəzairin baş məşqçisi Vahid Halilhociç və Argentinaya boyun əyən İsveçrənin çalışdırıcısı Ottmar Hitsfeld istefa verdi. Turniri 3-cü yerdə başa vuran Hollandiyaya rəhbərlik edən Luis van Qaal və finalda Almniyaya uduzan Argentina yığmasının başındakı Alexandro Sabella da getmək qərarına gəldi. Son olaraq isə yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda oyunda Hollandiyaya 0:3 hesabı ilə uduzmuş Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari bu addımı atdı.
Kloze Ronaldonu keçdi
Miroslav Kloze dünya çempionatlarının rekordçusu oldu. Yarımfinalda Braziliyaya 7:1 hesabı ilə qalib gəldikləri matçda rəqib qapısına yol tapan alman futbolçu dünya çempionatlarında 16-cı qolunu vurdu və Ronaldonun 15 qolluq rekordunu qıraraq böyük uğura imza atdı. Mundialda 24 oyun keçirən Kloze həm də turnirin ən çox oyununda iştirak etmiş ikinci futbolçu oldu. Dünya çempionatında ən çox oyun keçirmiş futbolçu isə onunr həmyerlisi Lotar Matteusdu - 25 matç.
Mondraqon tarixə düşdü
Kolumbiya yığmasının qapıçısı Fərid Mondraqon dünya çempionatının tarixinə düşdü. C qrupunun Yaponiya ilə üçüncü tur matçının (4:1) 85-ci dəqiqəsində meydana çıxan qolkiper mundialın ən yaşlı futbolçusu adını qazandı. O, 43 yaş 3 günlüyündə meydana çıxdı. Bundan əvvəl rekordçu Rocer Milla idi. Kamerunlu forvard 42 yaş 1 ay 8 günlüyündə dünya mundial iştirakçısı olmuşdu.
"Qızıl əvəzetmələr"
DÇ-2014-də oyuna sonradan girərək 14 qol vuran futbolçular rekorda imza atdı. Son olaraq Mario Götze final matçının ikinci yarısında meydana çıxaraq əlavə vaxtda komandasını çempion edən qolu vurdu. Almaniyanın Braziliyanı 7:1 hesabı ilə yendiyi yarımfinal matçında meydana sonradan çıxaraq 2 qol vuraq Andre Şkürle də ilkə imza atdı. O, dünya çempionatında oyuna sonradan çıxaraq dubl edən ilk futbolçu oldu.
Qapıçılar damğa vurdu
DÇ-2014-də çıxış edən bəzi qapıçılar göstərdikləri oyunla özlərindən söz etdirdilər. Xüsusən də Amerika qitəsini təmsil edən qapıçılar uğurlu oyunla diqqəti çəkdi.
Meksikadan Guillermo Oçoa, Çilidən Klaudio Bravo, Kolumbiyadan David Ospina və ABŞ-dan Tim Hovard komandalarının qrupdan çıxmasında önəmli rol oynadı. Hovard Belçika ilə oyunda 16 qurtarışla adından söz etdirdi.
50-ci het-trik
Herdan Şaqiri dünya çempionatı tarixində 50-ci het-trikin müəllifi oldu. Hondurasla matçda 3 qola imza atan isveçrəli futbolçu mundialın tarixinə düşdü. Braziliyada ilk het-trik müəllifi isə alman Tomas Müller oldu. O, Portuqaliyanı 4:0 hesabı ilə yendikləri matçda qollardan 3-nün müəllifi oldu.
Afrikanın ən çox qol vuranı
Qana yığmasının üzvü Asamoah Qyan DÇ-2014-də vurduğu 2 qolla mundialda ən çox fərqlənmiş afrikalı futbolçu oldu. 2006-cı ildə Almaniyada, 2010-da CAR-da keçirilən dünya çempionatlarında keçirdiyi 8 qarşılaşmada 4 qol vuran futbolçu dünya çempionatında 5 dəfə fərqlənmiş kamerunlu Rocer Millanı geridə qoydu.
Fanat.az