Bakı Olimpiya Stadionunda Premyer Liqa və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Fanat.Az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli seminar iştirakçılarına mühazirə oxuyub.
Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.