DÇ-2014: 19 dünya çempionatı - hər şey burda

DÇ-2014: 19 dünya çempionatı - hər şey burda
Dünya çempionatının startı yaxınlaşır. Fanat.az mundialla bağlı maraqlı məlumatların təqdimatını davam etdirir.
FIFA tərəfindən 20-ci dəfə Braziliyada keçiriləcək dünya çempionatları indiyədək bir çox maraqlı olaya səhnə olub. Geridə qalan 19 turnir yalnız II Dünya müharibəsi iləllərində keçirilməyib. Belə ki, 1942 və 1946-cı illərdəki dünya çempionatları baş tutmayıb. Qalan vaxtlarda isə futbolsevərlər 4 illik fasilələrlə dünya futbolunun ən böyük yarışına şahidlik edib.
İlk dünya çempionatı
O vaxtkı FIFA prezidenti Julies Rimetin səyləri ilə təşkil olunmağa başayan dünya çempionatı marafonuna 1930-cu ildə Uruqvayda start verilib. Bu da səbəbsiz deyildi. 1924 və 1928-ci ilolərin olimpiya çempionu Uruqvay 1930-cu ildə müstəqilliyinin 100 illiyini qeyd edirdi. 
Lakin Avropa komandaları yolun uzaqlığını əsas gətirirək qərara qarşı çıxıb. FIFA-nın fransız prezidentinin səyləri nəticəsində "köhnə qitə"nin 4 təmsilçisi - Belçika, Fransa, Rumıniya və Yuqoslaviya "yeni dünya"ya yollanmağa razılıq verib. 
İlk dünya çempionatın qalibi isə ev sahibi Uruqvay olub. Meydan sahibləri finalda Argentinanı 4:2 hesabı ilə yenib.
Maraqlı məqamlar
- Dünya çempionatının finalını idarə edən belçikalı referi Con Lanqenus meydana kostyum və kalstukla çıxıb. 
- Mundialın iştirakçısı olan 13 ölkə seçmə mərhələ oynamadan - FIFA-nın dəvətnaməsi ilə yarışa qatılıb.
- Turnirə qatılan Avropa ölkələri gəmi səfərləri zamanı məşqlərini gəminin göyərtəsində edib. 
- Dünya çempionatının hər iki yarımfinal matçı - Argentina - ABŞ və Uruqvay - Yuqoslaviya oyunları 6:1 hesabı ilə başa çatıb.
İtaliya - 1934
Uruqvaydakı ilk dünya çempionatından sonra Avropa ölkələri turniri "köhnə qitə"də keçirmək üçün fəaliyyətə başlayıb. Bununla bağlı FIFA-ya ilk müraciət edən ölkə olan İtaliya DÇ-1934-ün ev sahibi hüququna yiyələnib.
İlk dünya çempionatına Avropa ölkələri maraq göstərmədiyindən həmin turnirin ev sahibi Uruqvay da DÇ-1934-ə qatılmaqdan imtina edib.
Bu yarışda da ev sahibi çempion olub. Belə ki, İtaliya final matçında Yuqoslaviyanı əlavə vaxtda vurulan qolun hesabına 2:1 hesabı ilə yenib. 
Maraqlı məqamlar
- İtaliya dünya çempionatları tarixində seçmə mərhələ oyunu oynayan ilk və yeganə ev sahibi olub.
- Misir dünya çempionatına qatılan ilk Afrika ölkəsi olaraq tarixə düşüb.
- İlk dünya çempionatında Argentina forması geyinən Monti 4 il sonra İtaliyanın uğurları üçün çalışıb və ardıcıl iki mundialda çempion olub.
Fransa - 1938
Amerika və Avropa ölkələri mundiala ev sahibliyi etmək üçün sıraya düzülüb. FIFA turnirin ardıcıl ikinci dəfə Avropada keçirilməsinə qərar verib və Fransanın xeyirinə seçim edib. Bunun nəticəsi olaraq Argentina DÇ-1938-ə qatılmaqdan imtina edib.
Fransanın ev sahibliyi etdiyi turnirdə ilk dəfə ev sahibi çepion olmayıb. Belə ki, Fransa 1/4 finalda İtaliyaya uduzaraq mübarizəni erkən dayandırıb.
Çempion adını isə ardıcıl ikinci dəfə İtaliya qazanıb. İtalyanlar finalda Macarıstana 4:2 hesabı ilə qalib gəlib.
Maraqlı məqamlar
- 16 komanda dünya çempionatına qatılmaq hüququ qazansa da, Adolf Hitlerin Avstriyanı işğal etməsi səbəbindən iştirakçıların sayı 15-ə düşüb.
- Penalti sistemi olmadığından, əsas və əlavə vaxtı heç-heçə yekunlaşan 5 matçdan 3-ü yenidən keçirilib.
- Guzeppi Meazzanın finaldakı kritik penaltini vurarkən şortu düşsə də, top qapıya daxil olub. 
- İtaliya yığmasının baş məşqçisi Vittorio Pozzo ardıcıl iki dəfə dünya çempionu olan ilk və hələlik son baş məşqçi kimi tarixə düşüb.
Braziliya - 1950
II Dünya müharibəsi başladığından 1942 və 1946-cı illərdə turnir keçirilməyib. 12 illik fasilədən sonra - 1950-ci ildə təşkil olunan dünya çempionatına Braziliya ev sahibliyi edib.
Cənubi Amerika ölkəsində keçirilən mundiala yenə 13 ölkə qatılıb və kubok yenə qitəni tərk etməyib. Belə ki, finalda Uruqvayla Braziliya qarşılaşıb. Birincilər 2:1 hesablı qələbə qazanaraq, tarixləri ərzində ikinci dəfə dünya kubokuna sahib çıxıblar.
Maraqlı məqamlar
- İlk çempion Uruqvay boykota son qoyaraq, qonşusu Braziliyada keçirilən yarışa qatılıb.
- Türkiyə millisi ilk dəfə qatılmaq hüququ qazandığı dünya çempionatına maddi problemlər səbəbindən yollanmayıb.
- İngiltərə ilk dəfə mundiada qatılıb.
- Dünya çempionatında ayaqyalın oynamaq istəyən Hindistan FIFA-dan rədd cavabı aldığından yarışdan imtina edib.
- Təxminən 200 min tamaşaçının izlədiyi Braziliya - Uruqvay finalında ikincilər çempion olub və ev sahiblərinin azarkeşləri uzun müddət tribunaları tərk etməyib. Bu zaman 3 nəfər infarktdan ölüb, 1 nəfər intihar edib. Ölkədə 1 həftə matəm elan olunub.
İsveçrə - 1954
4 il sonra mundial yenə Avropaya qayıdıb və bu dəfə ev sahibliyi İsveçrəyə verilib. Turnirin finalında Qərbi Almaniya və Macarıstan qarşılaşıb. Macarlar ikinci dəfə qatıldıqları finalda yenə uduzduqları halda, almanlar ilk dəfə dünya çempionu adını qazanıb - 3:2.
Maraqlı məqamlar
- Türkiyə ilk dəfə dünya çempionatına qatılıb.
- Türkiyə və İspaniya milliləri seçmə mərhələdə qarşılaşıb. İlk matçda ispanlar 4:1, cavab görüşündə türklər 1:0 hesablı qələbə qazanıb. Qol sayı sistemi olmadığından qalibi müəyyənləşdirmək üçün üçüncü matç Romada keçirilib. Bu dəfə oyun 2:2 hesabı ilə başa çatıb. Nəticədə dünya çempionatına vəsiqənin sahibini püşk müəyyənləşdirib. Franko adlı italiyalı uşağın atdığı püşk Türkiyəinin üzünə gülüb.
- 2-ci qrupda Türkiyə və gələcək çempion Qərbi Almaniya, 4-cü qrupda İsveçrə və İtaliyanın xalları eyni olub - 2. Bu səbəbdən 1/4 finala çıxacaq komandaları müəyyənləndirmək üçün play-off oyunları keçirilib. Qərbi Almaniya Türkiyəni 7:2, İsveçrə İtaliyanı 4:1 hesabı ilə yenib.
İsveç -1958
1958-ci ildəki dünya çempionatına İsveç ev sahibliyi edib. İsveç millisi ilk dəfə finala çıxsa da, evindəki turnirin qalibi ola bilməyib. Meydan sahiblərini 5:2 hesabı ilə yenən Braziliya dünya kubokuna sahib çıxıb. Bununla da ilk dəfə dünya çempionu olan "sambaçılar"ın mundiallardakı uğurunun əsası qoyulub.
Maraqlı məqamlar
- İlk dəfə dünya çempionatının final matçları televiziya vasitəsi ilə yayımlandı.
- Türkiyə Avropa əvəzinə, Asiya-Afrika qrupuna daxil edilib, İsraillə oynamalı olduğundan dünya çempionatının seçmə mərhələsinə qatılmaqdan imtina edib.
- Misir, Efiopiya, Tayvan, Koreya, İndoneziya və Sudan da yarışdan imtina etdiyindən FIFA İsrailə birbaşa dünya çempionatına qatılmaq hüququ verib. Lakin onlar bundan imtina edib. Nəticədə İsraillə Uels arasında seçmə mərhələ oyunu keçirib. Bu dəfə britaniyalılar qalib gələrək dünya çempionatına yollanıblar.
- Dünya çempionatları tarixininin qolsuz bərabərliklə (0:0) bitən ilk matçı Braziliya - İtaliya arasında keçirilib.
- Braziliyanın çempionluğu ilk dəfə kubokun turnirin keçirildiyi qitədən kənara çıxmasına səbəb olub.
Çili - 1962
Yenidən Cənubi Amerikaya qayıdan dünya çempionatına bu dəfə Çili ev sahibliyi edib. Ənənəyə sadiq qalan amekalılar kuboku öz qitələrindən kənara buxamayıblar. Belə ki, Braziliya finalda Çexslovakiyanı 3:1 hesabı ilə yenərək, ardıcıl ikinci dəfə dünya çempionu adını qazanıb.
Maraqlı məqamlar
- DÇ-1962 olduqca sərt keçib. Çili - İtaliya matçı futbolçuların bir-birinə qarşı sərt zərbələri ilə diqqəti çəkib. Bu oyundan sonra Çilidəki mağazaların önünə "İtalyanlara giriş qadağandı" xəbərdarlıqları vurulub. Turnirin ilk 12 matçında 37 futbolçu zədələnib. Braziliyalı Pele ikinci oyununda zədələnələrək turnirlə vidalaqıb.
- Yarımfinalda keçirilən Braziliya - Çili matçını "sambaçılar" 4:2 hesabı ilə qazanıb. Nəticədə çilili futbolçu Ramiresin atası infarkt keçirərək, dünyasını dəyişib.
- Braziliya finalda Çexslovakiyanı yenərək çempion olub. Final həyacanıa dözə bilməyən 4 braziliyalı fanat infarktdan ölüb.
İngiltərə - 1966
Avropaya dönən turnirə İngiltərə ev sahibliyi edib. İngiltərə tarixində ilk dəfə dünya çempionu olub. Meydan sahibləri finalda Qərbi Almaniyanı 4:2 hesabı ilə yenib.
Bu turnirə Tofiq Bəhramov damğa vurub. Finalda Azərbaycanlı hakim Cefri Hertsin qapı xəttini keçib-keçmədiyi hələ də müzakirə olunan qolunu qeydə alaraq, ingilislərə ilk dəfə çempionluq sevinci yaşadıb. Bununla da o, adını tarixə yazdırdı. Bəhramova bu oyundan sonra Böyük Britaniya kraliçasının özü "Qızıl ilahə" mükafatını təqdim edib. 
Maraqlı məqamlar
- Afrika ölkələri FIFA-nın Asiya və Okeaniya komandaları ilə play-off matçı oynaması yönündəki qərarı nədəni ilə dünya çempionatına qatılmaqdan imtina edib.
- Kuboku turnir başlamadan öncə sərgiləndiyi yerdən oğurlanıb. Daha sonra isə qızıl kubok bir parkda qəzet vərəqlərinə sarılmış halda tapılıb.
- İlk dəfə dünya çempionatlarının oyunları televiziyadan rəngli yayımlanıb.
Meksika - 1970
1970-ci ildə dünya çempionatı ilk dəfə Amerikanın şimalına keçib və Meksika yarışa ev sahibliyi edib. Növbəti dəfə finala çıxan Braziliya İtaliyanı 4:1 hesabı ilə yenərək tarixində üçüncü dəfə dünya çempionu adına yiyələnib. 
Maraqlı məqamlar
- Dünya çempionatında ilk dəfə oyunçu dəyişiklikləri edilib və sarı-qırmızı vərəqə 
tətbiq olunmağa başlayıb.
- İlk dəfə turnirin bütün oyunları canlı yayımlanıb.
- Mario Zaqallo dünya çempionluğunu həm futbolçu, həm də baş məşqçi kimi qazanan ilk isim olub.
- Hondurasla El Salvador arasında keçirilən seçmə mərhələ oyununda baş verən hadisələr orduların da araya girməsinə səbəb olub. Nəticədə 100 saat davam edən müharibə baş verib. Daha sonra El Salvador Honduras səddini keçərək dünya çempionatına qatılıb.
- Finalı 4:1 hesabı ilə qazanan Braziliya "Jules Rimet Kuboku"nun əbədi sahibi olub. Budan sonra turnir FIFA dünya çempionatı adlandırılıb.
- Braziliyanın sahib olduğu "Jules Rimet Kuboku" muzeydən oğurlanıb və bu günədək tapılmayıb.
Qərbi Almaniya - 1974
1974-cü ildə dünya çempionatına ev sahibliyi edib. Almanlar tarixlərində 3-cü dəfə finala çıxıb və Hollandiyanı 2:1 hesabı ilə yenərək 20 illik fasilədən sonra kuboka sahib çıxıblar. Hollandlar isə ilk dəfə final həyacanı yaşayıb. 
Maraqlı məqamlar
- Dünya çempionatlarında ilk dəfə qırmızı vərəqə göstərilib. Mundialda fit çalan ilk türk hakim olan Doğan Babacan Qərbi Almaniya - Çili oyununda amerikalı Karlos Kaselini meydandan qovaraq, tarixə düşüb.
- Dünya çempionatında ilk dəfə italyan memar Silvio Qazzaniqanın hazırladığı kubok təqdim olunub.
- Zair dünya çempionatları tarixində ilk dəfə qapıçı dəyişikliyi edən ölkə olub.
- Haitili Ernst Jean dünya çempionatlarında dopinq-testdə ilişən ilk futbolçu kimi tarixə düşüb.
- İtaliya yığmasının qapıçısı Dino Zoffun 1143 dəqiqəlik quru seriyasına haitili Sanon son qoyub.
Argentina - 1978
1978-ci ildə yenidən Cənubi Amerikaya dönən dünya çempionatına bu dəfə Argentina ev sahibliyi edib. Kubok yenə bu qitəni tərk etməyib. Belə ki Argentina finalda Hollandiyanı 3:1 hesabı ilə yenərək, ilk dəfə çempion olub. Hollandiya isə ardıcıl ikinci dəfə finalda uduzub.
Maraqlı məqamlar
- DÇ-1978-ə Argentinada iqtidarda olan rejimin siyasi fəaliyyətləri və təbliğat kampaniyası damğa vurub.
- Holland Yohann Kruyff və alman Paul Breytner Argentinadakı siyasi vəziyyətə etiraz edərək, turnirə qatılmayıb.
- İkinci qrup mərhələsində Braziliya və Argentina finala vəsiqə uğrunda mübarizə aparıb. Argentina qrup liderliyini təmin etmək üçün Perunu 4 top fərqi ilə yenməli idi. Böyük şübhələrə səbəb olan oyunda argentinalılar 6:0 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.
İspaniya - 1982
1982-ci ildə İspaniyanın ev sahibliyi etdiyi turnirdə finala Qərbi Almaniya və İtaliya çıxıb. Həlledici matçda 3:1 hesablı qələbə qazanan italyanlar 44 ildən sonra tarixlərinin 3-cü çempionluğunu qazanıblar. Almanlar isə 4-cü dəfə çıxdıqları finalda 3-cü çempionluğu qazana bilməyiblər.
Maraqlı məqamlar
- FIFA dünya çempionatının iştirakçılarının sayını 16-dan 24-ə çatdırıb.
- İlk dəfə mundialda bütün qitələr təmsil olunub.
- Əlcəzair Qərbi Almaniyanı 2:1 hesabı ilə yenərək, dünya çempionatlarında Avropa komandasına qalib gələn ilk Afrika təmsilçisi olub.
- Mundialın ən çox müzakirəyə səbəb olan matçın Qərbi Almaniya ilə Avstriya arasında baş tutub. İlkin qrup mərhələsində rəqib olan hər iki komandanın qrupdan çıxması üçün almanların 1:0 hesablı qələbəsi vacib idi. Qərbi Almaniya 1:0 hesablı qələbə qazanaraq Avstriyaya bu şansı verib, Əlcəzair isə qrupda qalıb. Afrikalılar nəticənin əvvəlcədən müəyyənləşdirildiyini iddia edərək, FIFA-ya şikayət etdi. Amma onların şikayəti nəticəsiz qalıb.
- Küveyt yığmasının baş meneceri Şeyx Əl Sabah Fransanın 4-cü qoluna etiraz etmək üçün meydana çıxıb. Şeyxin bu ilginc etirazından sonra hakim qolu ləğv edib.
- Macarıstan El Salvadoru 10:1 hesabı ilə yenərək, dünya çempionatlarının ən böyükhesablı qələbəsinə imza atıb.
- Qrupda hər üç matçını heç-heçə bitirib, sadəcə 1 qolluq üstünlüklə mərhələ adlayan İtaliya kuboku qazanıb.
Meksika - 1986
Əslində bu turnir Kolumbiyada keçirilməli idi. Lakin bu ölkədəki maliyyə böhranı ev sahibinin dəyişməsi ilə nəticələnib. Böyük zəlzələnin baş verdiyi Meksika ev sahibliyi üçün ikinci dəfə FIFA-ya müraciət edib. Ali futbol qurumu Mərkəzi Amerika təmsilçisinin istəyini qəbul edib.
Finala isə Argentina və Qərbi Almaniya çıxıb. Argentinalılar 3:2 hesablı qələbə qazanaraq, ikinci dəfə dünya çempionu olublar. Almanlar isə 5-ci finalda 3-cü dəfə məğlubiyyət acısı yaşayıb.
Bu turnirdə də ənənə davam edib. Belə ki, kubok yenə də Amerikanı tərk etməyib.
Maraqlı məqamlar
- Bu turnirdən etibarən eyni qrupda yer alan komandalar son oyunlarını eyni saatda keçirməyə başlayıb.
- Mərakeş dünya çempionatının qrup mərhələsini lider kimi tamamlayan ilk Afrika təmsilçisi olub.
- Dieqo Maradona 1/4 finalda İngiltərəyə əllə vurlduğu qolu "Tanrınıne əli" adlandırıb.
- Bu gün tribunalarda görməyə alışdığımız "Meksika dalğası" ilk dəfə bu turnirdə ortaya çıxıb.
İtaliya - 1990
Meksikadan sonra İtaliya ikinci dəfə dünya çempionatına ev sahibliyi edib. Yenə də finala Qərbi Almaniya və Argentina çıxıb. Almanlar bu dəfə qisas alaraq, 1:0 hesablı qələbə ilə 3-cü dəfə dünya çempionu adını qazanıblar.
Maraqlı məqamlar
- Turnirin sürpriz komandası Kamerun Kolumbiyanı yenərək, 1/4 finala çıxan ilk Afrika ölkəsi olub.
- Kamerunun formasını geyinən 38 yaşlı Rocer Millaya Rumıniyaya vurduğu iki qoldan sonra "General" rütbəsi verilib.
- Argentina ilə İtaliya arasında Napolidə oynanılan matçda bəzi italyan fanatlar "Napoli"ni çempionluğa daşıyan Dieqo Maradonanı dəstəkləyib. 
- İtalyan qapıçı Valter Zenqa 517 dəqiqə qapısını toxunulmaz saxlayaraq dünya çempionatının ən uzun quru seriyasına sahib çıxıb.
- Alman Frans Bekkenbauer braziliyalı Zaqallodan sonra dünya çempionluğunu həm futbolçu, həm də məşqçi kimi qazanmış ikinci mütəxəssis olub.
ABŞ - 1994
ABŞ-ın ev sahibliyi etdiyi dünya çempionatında Braziliya millisi 24 illik susqunluğa son qoyub. Sonuncu dəfə 1974-cü ildə çempion olan "sambaçılar" bu dəfə tilsimi qırıb. Braziliyanın finaldakı rəqibi İtaliya olub. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan həlledici qarşılaşmanın taleyini penalti seriyası həll edib - 3:2.
Maraqlı məqamlar
- Dünya çempionatına damğa vuran əsas hadisə argentinalı Dieqo Maradonanın turnirdən ixrac edilməsi olub. Qanında dopinq tapılan əfsanəvi oyunçu mundiala buraxılmayıb.
- ABŞ-la matçda öz qapısına qol vuran və komandasının mübarizəni dayandırmasına səbəb olan kolumbiyalı Andres Eskobar vətənində qətlə yetirilib.
- İlk dəfə dünya çempionatının qalibi penalti seriyasında müəyyənləşib. Braziliya "lotereya"nı udaraq 24 illik həsrətə son qoyub.
- Rus futbolçu Oleq Salenko Kamerunu 6:1 hesabı ilə udduqları matçda 5 qol vurub. Bununla da o, dünya çempionatının bir matçında ən çox qol vurmuş futbolçu olub.
- Kamerunlu Rocer Milla 42 yaşında qatıldığı mundialda dünya çempionatlarının ən yaşlı futbolçusu olub.
Fransa - 1998 
Fransa 60 ildən sonra yenidən dünya çempionatına ev sahibliyi edib. İlk dəfə finala çıxan fransızlar Braziliyaya rəqib olub. Bununla da son çempionla ev sahibi ilk dəfə finalda qarşılaşıb. Fransa dördqat dünya çempionlarını 3:0 hesabı ilə yenərək, ilk dəfə qalib adını qazanıblar.
Maraqlı məqamlar
- Dünya çempionatının iştirakçılarının sayı 24-dən 32-yə yüksəldilib.
- Dünya çempionatlarında "qızıl qol" sisteminin tətbinə başlanılıb.
- DÇ-1990-da Yuqoslaviyanın heyətində fərqlənən Robert Prosineçki 8 il sonra Xorvatiyanı qola sevindirib. Bununla da o, iki komandanın heyətində dünya çempionatında qol vurmuş ilk futbolçu olub.
- Alman Lotar Matteus dünya çempionatlarında 25-ci matçına çıxaraq rekord qırıb.
Cənubi Koreya və Yaponiya - 2002
Bu dünya çempionatı ilklərlə yadda qalıb. Belə ki, ilk dəfə mundiala iki ölkə - Cənubi Koreya və Yaponiya ev sahibliyi edib. DÇ-2002 ilk dəfə Asiya ölkəsində keçirilən dünya çempionatı olub.
Almaniya və Braziliya finalda ilk dəfə qaşılaşıb. "Sambaçılar" 2:0 hesablı qələbə qazanaraq 5-ci və hələlik sonuncu çempionluqlarını qazanıblar. Almaniyanın isə kubok həsrəti 12 ilə çatıb.
Maraqlı məqamlar
- Tarixində ikinci dəfə turnirə qatılan Türkiyə 3-cü yeri tutaraq, tarixinin ən böyük uğuruna imza atdı. DÇ-1954-də çempion Almaniyaya iki matçda yenilən "ay-ulduzlular" bu dəfə qızıl medalların sahibi Braziliyaya hər iki oyunda uduzub.
- Son dünya çempionunun seçmə mərhələdə iştirak etmədən birbaşa dünya çempionatına qatıldığı son mundial olub. Bu hüquqdan sonuncu dəfə Fransa yararlanıb.
- Son çempion Fransa turniri qol vurmadan tamamlayıb. Seneqala 0:1, Danimarkaya 0:2 hesabı ilə yenilən fransızlar Uruqvayla oyunda bir xal qazanıb - 0:0.
- Dünya çempionatlarının ən erkən qolu vurulub. Türkiyə yığmasının üzvü Hakan Şükür Cənubi Koreya ilə üçüncü yer uğrunda oyunun 11-ci saniyəsində fərqlənərək rekorda imza atıb.
Almaniya - 2006
Yenidən Avropaya qayıdan dünya çempionatına Almaniya ev sahibliyi edib. Finalda İtaliya və Fransa yığmaları qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın qalibi penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan italyanlar 4-cü dəfə dünya çempionu tituluna yiyələniblər - 5:3.
Maraqlı məqamlar
- Bu dünya çempionatına damğa vuran olay Zinəddin Zidanla Marko Materazzi arasındakı hadisə olub. Fransa yığmasının üzvü italyan həmkarına kəllə ataraq, qırmızı vərəqə alıb. Buna rəğmən FIFA "Qızıl top" mükafatını Zidana verib.
- Bu turnirdən etibarədən qızıl və gümüş top sistemi ləğv olunub.
- Braziliya dünya çempionatlarında ardıcıl 11 qələbə qazanan ilk komanda olub.
- Portuqaliya - Hollandiya matçında 12 sarı və 4 qırmızı vərəqə göstərilib. Bu mundial tarixinin ən çox vərəqə göstərilən oyunu olub.
CAR - 2010
İlk dəfə 2010-cu ildə dünya çempionatına Afrika ölkəsi - CAR ev sahibliyi edib. Bu turnir həm də İspaniyanın ardıcıl Avropa və dünya çempionluğunu qazanması ilə nəticələnib. İspanlar finalın 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla Hollanliyanı yenərək, tarixi uğura imza atıb. Hollandlar isə üçüncü dəfə finaldanr boynubükük ayrılıb.
Maraqlı məqam
- DÇ-2010-a "Vuvuzela" damğa vurub. CAR xas çalğı aləti çıxardığı yüksək səslə tribunalarda və televiziya qarşısında oturan azarkeşlərə çətin anlar yaşadıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər